“Müdafiə Nazirliyində “Tərtər işi”ni başqa istiqamətə yönəltmək istəyənlər var” – Yeni gəlişmə

“Tərtər işi” ilə bağlı proseslər getdikcə fərqli məcraya yönəlməkdədir. Millət vəkili Zahid Orucun parlamentin iclasında sözügedən məsələ ilə bağlı səsləndirdiyi fikirlərdən sonra Hərbi prokuror Xanlar Vəliyev və keçmiş baş prokuror Zakir Qaralov hədəf taxtasına qoyulmuşdu. Millət vəkili Qüdrət Həsənquliyevin Globalinfo.az-a müsahibəsində “Tərtər işi” ilə bağlı dediyi fikirlər isə olaya tamam başqa aspektdən yanaşmağa, Azərbaycan ordusunda baş vermiş bu faciənin əhatə dairəsinin düşünüldüyündən də geniş olduğunu deməyə əsas verir.

Q.Həsənquliyev “Tərtər işi” mövzusunda əsas məsuliyyəti Müdafiə Nazirliyinin daşıdığını deyib. Bildirib ki, “Müdafiə naziri kənarda qalıb, hamı hərbi prokurorun istefasını tələb edir”. Daha sonra fikrini belə davam etdirib: “Daha nə baş verməlidir ki, ordunun rəhbərliyi məsuliyyətə cəlb olunsun?! Bilmirəm, başqa bir misal çəkin ki, bu olmalıdır. Bundan ağır nə ola bilər?”.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl mövzunu Globalinfo.az-a şərh edib.

Bildirib ki, millət vəkili Qüdrət Həsənquliyev dediklərində tamamilə haqlıdır:

“Bütün sifariş, Bakıdan göndərilən qüvvə, cəza dəstəsi və onu aparan şəxs, o işləri görən müdafiə naziri, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqov, onun bacısı oğlu Ramil Əsgərov, Dəniz Xüsusi Təyinatlıların komandiri Cəfər Seyidov – bunlar hamısı kənarda qalıb, müstəntiqlərdən yapışırlar. Bu onu göstərir ki, elə bu gün Müdafiə Nazirliyində bir qrup məmur özlərini məsuliyyətdən kənarda tutmaq üçün qəsdən prosesi bu istiqamətə yönəldirlər. Müstəntiq işi pis apara bilər, bu başqa söhbətdir. Amma bu cinayəti törədən təşkilatçılar və cinayətin icraçıları Müdafiə Nazirliyi ilə bağlı olan məsələlərdir. Ona görə hesab edirəm ki, Qüdrət Həsənquliyev tamamilə doğru deyib”.

Hərbi ekspert Tərlan Eyvazov Globalinfo.az-a bildirib ki, həmin hadisələr Müdafiə Nazirliyinin rəhbərliyi və onun müavinləri işdə olan vaxt baş verib:

“Tərtər işi ilə bağlı dörd qurum – Müdafiə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə bəyanat verib. Bununla bağlı proses də bilavasitə Müdafiə Nazirliyinin tərkibində başlayıb. Müdafiə Nazirliyinin müvafiq hüquqi şəxsləri bu məsələdə məsuliyyət daşıyırlar. Bu məsuliyyət hamısının boynundadır, amma bu tək “Tərtər işi” ilə bağlı deyil, başqa məsələlər də var”.

Tərlan Eyvazov deyib ki, “Tərtər işi”ndə də məxsusi olaraq bir nəfərin üzərinə getməyin əleyhinədir:

“Əgər doğrudan da deyildiyi kimi çox böyük vicdansızlığa, qanundankənar hərəkətlərə yol verilibsə, məsuliyyət həmin o bəyanatı yayanların üzərinə düşür. Birinci növbədə isə Müdafiə Nazirliyinin rəhbərliyinin. Çünki bu nazirliyin hərbi hissəsində baş verən hadisədir. Məsuliyyətdən heç kim yaxa qurtara bilməz, hamının öz məsuliyyət payı var”.

Gülnar Səlimova
Globalinfo.az