Misir Mərdanov: “Nazir işlədiyim dövrdə məni tədbirlərə çağırmırdılar”

Misir Merdanov 15353215 900x543 1

Sabiq təhsil naziri Misir Mərdanovun Astar TV-yə müsahibəsi diqqət çəkib. Belə ki, bir çox məsələlərə toxunan sabiq nazir AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin onu zamanında işdən çıxartmağa çalışdığını bildirib.

Bundan başqa, keçmiş nazirin təhsil sistemi ilə bağlı dediyi sözlər rezonans doğurub. O, direktorların təmir üçün pul toplamasına haqq qazandırıb. Onun dedikləri ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

Globalinfo.az-a danışan sabiq təhsil naziri, professor Misir Mərdanov Ramiz Mehdiyevin onu hansı səbəbdən işdən kənarlaşdırmağa çalışdığını bilmədiyini vurğulayıb.

O, R.Mehdiyevlə birgə çalışdığını bildirib:

“Bilirsiniz, biz Mehdiyevlə uzun müddət bir yerdə çalışmışıq. Onlar əvvəl mənim işləməyimi istəyirdilər. Hətta akademiyaya gəldikdən sonra onunla işlə bağlı da danışdım. Lakin birdən-birə ona kim nə dedisə, bilmirəm…”

Misir Mərdanov nazir olduğu dönəmdə vəzifədən getmək istəməsi səbəbini açıqlayıb:

“Nazir olduğum dönəmdə məni prezidentin yanında hörmətdən salmağa çalışırdılar. Müxtəlif təzyiq və təsirlər olurdu. Məsələn, açılış və tədbirlərə məni dəvət etmirdilər. Mən də düşünürdüm ki, mənə qarşı olan davranış nüfuzuma ciddi təsir göstərir. O şəkildə işləmək də olmurdu axı. Dəfələrlə də demişdim ki, mənim üçün vəzifə yox, prezidentimizin etimadı daha yaxşıdır”.

Sabiq nazir direktorların rüşvət alması haqda danışıb:

“Hər kəsin, eləcə də dediklərimlə razılaşmayan şəxslərin fikrinə hörmətlə yanaşıram. Bilirsiniz, məktəbə, məktəb direktoruna işləmək üçün şərait yaradılmalıdır. Əgər ona şərait yaradılmırsa, adam özü istər-istəməz o şəraiti başqa yollarla yaratmaq istəyir. Bu da axırda neqativ hallara yol açmış olacaq”.

Zaira Akifqızı
Globalinfo.az