Britaniyalı müğənni Robbi Uilyams autizmdən əziyyət çəkdiyini etiraf edib.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, sənətçi bunu Londonun mərkəzində yerləşən geyim mağazalarından birində öz moda brendinin təqdimatı zamanı açıqlayıb. Müğənninin sözlərinə görə, həkimlər onda “yüngül autizm əlamətləri” müəyyən ediblər. Uilyams həmçinin hələ də obsesiv, yəni təkrarlanan və istəmədən yaranan düşüncələrdən əziyyət çəkdiyini bildirib.
52 yaşlı musiqiçi qorxuducu və narahatedici fikirlərin öhdəsindən gəlməyə çalışdığını, bunun üçün onları yaradıcılığa yönəltdiyini deyib. O, belə hallarda, məsələn, müxtəlif rəsmlər və təsvirlər hazırladığını qeyd edib.
Uilyams daha əvvəl onda diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu, eləcə də Turet sindromunun diaqnoz edildiyini açıqlayıb. Bundan başqa, müğənni narkotik və alkoqol asılılığı ilə bağlı problemlər yaşadığını, buna görə bir neçə dəfə reabilitasiya müalicəsi aldığını bildirib.
Sənətçi ötən il həmçinin uzun müddət düzgün qidalanmaması nəticəsində onda sinqa xəstəliyinin aşkarlandığını açıqlayıb. Uilyams arıqlamaq məqsədilə iştahanı azaldan preparatlardan istifadə etdiyini etiraf edib.