Azyaşlı qızların məktəbə hicabla göndərilməsi cəmiyyətdə yeni müzakirələrə səbəb olub. Belə ki, məktəblərdə geyim qaydalarına nəzarətin zəiflədiyi, bunun isə gələcək üçün risklər yaratdığı vurğulanır. Bildirilir ki, həm dövlət, həm də özəl təhsil müəssisələrində vahid məktəbli formalarının tətbiqi bu kimi problemlərin qarşısını ala bilər. Mütəxəssislər hesab edirlər ki, məktəblərdə geyim kodeksi ilə bağlı daha aydın və vahid yanaşmaya ehtiyac var.
Eyni zamanda “Uşaq hüquqları haqqında” qanun layihəsinə əsasən, uşaqların dini inanclara məcbur edilməsi yolverilməz hesab olunur. Bununla yanaşı, Milli Məclisdə müzakirəyə çıxarılan sənəddə bildirilir ki, valideynlər və ya onları əvəz edən şəxslər qarşılıqlı razılıq əsasında uşaqları öz dini əqidəsinə, dinə münasibətinə uyğun şəkildə tərbiyə edə bilərlər.
Şagird hansı formada məktəbə getməlidir?
Globalinfo.az-a danışan ilahiyyatçı Fazil Əhməd deyib ki, bu məsələ ilə bağlı hazırda yalnız müzakirələr aparılır, hələlik hər hansı qanun qəbul edilməyib:
“Hətta belə bir qərar qəbul edilsə belə, onun tətbiq mexanizmi kifayət qədər effektiv görünmür. Çünki bəzi qərarlar olur ki, hüquqi baxımdan qəbul edilsə də, praktikada icrası ciddi çətinliklər yaradır. Məsələn, dindar ailələrdə böyüyən uşaqlar hicablı ola bilər. Bu halda məktəbdə uşaqdan soruşulacaq ki, “başını niyə örtmüsən, buna səni valideynlərin məcbur edir, yoxsa öz seçimindir?” Uşaq böyük ehtimalla dinini sevdiyi, Allaha inandığı üçün namaz qıldığını, hicab taxdığını deyəcək. Açıq şəkildə məcbur edildiyini bildirməyəcək. Məcburiyyətin olub-olmadığını isə yalnız uşağın öz müraciəti əsasında müəyyən etmək mümkündür.
Avropa və Qərb ölkələrində də mexanizm məhz bu şəkildə qurulub. Orada uşaqları bir-bir çağırıb sorğu-sual etmirlər. Uşağın şəxsi müraciət hüququ var. Məsələn, xüsusi telefon xətləri mövcuddur və uşaq həmin nömrəyə zəng edərək valideyninin onu hər hansı davranışa məcbur etdiyini bildirə bilər. Yalnız bu cür müraciətlər əsasında inzibati tədbirlər görülür. Bu baxımdan, sual yaranır ki, qəbul edilə biləcək bir qanun real şəraitdə necə işləyəcək və necə icra olunacaq? Bu, praktik baxımdan o qədər də real görünmür. Əvvəla, məktəbdə nə müəllimin, nə də direktorun uşağa bu cür suallar vermək üçün hüquqi əsası var. Hətta uşaq “valideynim məni məcbur edir” desə belə, bunu məktəb rəhbərliyinin araşdırması hüquqi əsas olmadan mümkün deyil”.
Fazil Əhməd
İlahiyyatçı bildirib ki, bizdə də Qərb ölkələrindəki mexanizmin tətbiqi nəzəri baxımdan mümkündür:
“Məsələnin dini tərəfinə gəldikdə isə mövcud qanunvericilikdə valideynlərin övladlarını qanun çərçivəsində istədikləri formada tərbiyə etmək hüququ təsbit olunub. Məsələn, bir musiqi müəllimi övladını musiqiçi kimi yetişdirir. Bu da müəyyən mənada məcburiyyətdir. Halbuki uşaq mühəndis, həkim və ya müəllim də ola bilərdi. Əgər qanun ümumilikdə uşağa məcburiyyət anlayışını qadağan edirsə, bu zaman dindar ailələr də haqlı olaraq tələb edə bilərlər ki, həmin yanaşma bütün sahələrə şamil edilsin. Bu məntiqə əsasən, valideynin uşağı məktəbə göndərməsi də məcburiyyətdir. Çünki çox uşaq məktəbə getmək, dərs oxumaq istəmir, repetitor yanına zorla göndərilir. Valideyn bunu uşağın təhsilinə önəm verdiyi üçün edir. Eyni şəkildə, dindar valideyn də övladının təkcə dünyəvi deyil, eyni zamanda dini və mənəvi həyatı üçün məsuliyyət daşıdığını düşünür. İslam hüququna görə, valideyn övladının dini tərbiyəsinə görə də məsuliyyət daşıyır. Dini mətnlərdə valideynin bu sahədə biganə qalmasının məsuliyyət doğurduğu açıq şəkildə qeyd olunur. Bu səbəbdən dindar ailələrdə uşaqların dini tərbiyə alması valideynin inanclarından irəli gəlir. Əgər belə bir qərar qəbul olunsa, çox güman ki, icrası mümkün olmayan qərarlardan birinə çevriləcək və dindar ailələr arasında ciddi narazılıqlar yaradacaq”.
Fazil Əhmədin sözlərinə görə, dindar ailələrdə hicablı uşaqların və gənclərin əksəriyyəti bunu məcburiyyətlə deyil, Allaha olan məhəbbət nəticəsində seçir:
“Onlar bu mühitdə böyüyür, bu dəyərlərlə formalaşırlar. Xüsusilə qız uşaqları bir-birindən təsirlənir və çox zaman öz istəkləri ilə hicaba maraq göstərirlər. Dəfələrlə şahidi olmuşam ki, hələ 8 yaşlı bir uşaq hicaba keçmək istədiyini deyir və valideynlər bunun üçün hələ tez olduğunu bildirirlər. Məsələyə beynəlxalq kontekstdə yanaşmaq da vacibdir. Məsələn, Fransa və digər xristian ölkələrində təhsil müəssisələrində hicabla bağlı ümumi qadağa yoxdur. Qadağa yalnız niqabla, yəni üzü tam örtən geyimlə bağlıdır. Hicablı şagird və tələbələr təhsil ala bilirlər. Rusiya da tolerantlıq baxımından bu məsələdə nümunə göstərilə bilər. Belə olan halda Azərbaycan niyə bu ölkələrdən geri qalmalıdır? Əgər kimsə ölkəmizi tənqid etmək istəyirsə, ona insan haqlarının pozulması ilə bağlı əlavə bəhanələr vermək düzgün olmaz. Bu məsələyə həm hüquqi, həm dini, həm də beynəlxalq praktikalar nəzərə alınmaqla çox diqqətli və balanslı yanaşmaq lazımdır”.
Ləman İmran
Globalinfo.az