Maşın məscidin hasarına çırpıldı: ölən var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

X X X

Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Heydər məscidinin qarşısında Salyan rayon sakini Saidov Müslüm Elşən oğlu idarə etdiyi “Kio-Rio” markalı avtomobilin idarəetməsini itirərək məscidin hasarına vurub.

Nəticədə avtomobildə olan sərnişin Hətəmov Ədalət Elçin oğlu hadisə yerində ölüb. Sürücü və digər sərnişinlər – Şirəliyev Xan İlqar oğlu və Mehdizadə Nihad Ziyadxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.