Ukraynanın xarici işlər naziri Denis Şmıqal ABŞ ilə mineral sazişinin imzalanacağını təsdiqləyib. Nazir Ukrayna və ABŞ-ın hər iki hökumətin mülkiyyətində olacaq və birlikdə idarə ediləcək Yenidənqurma İnvestisiya Fondu yaradacağını açıqlayıb.
Şmıqal ölkəsinin yeraltı və təbii sərvətlərinin ABŞ, yaxud digər bir ölkəyə deyil, elə Ukraynaya məxsus olaraq qaldığını bildirib. Onun sözlərinə görə, Kiyev təbii yataqlardan əldə ediləcək gəlirlərin 50 faizini fonda köçürəcək, bu vəsait isə Ukraynanın bərpasına yönəldiləcək.
Nazirin açıqlamalarına rəğmən bu məsələ Kiyevin Vaşinqtonun tələbini qəbul etməsi və ölkənin mineral ehtiyatlarının təhvili kimi dəyərləndirilir.
Ukrayna uğrunda mübarizə apardığı torpaqlarını itirir?
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, ABŞ-ın imzalamaq istədiyi mineral sazişlə bağlı ilkin təklifləri və təzyiqləri Kiyev hökumətinin fonunda Ukrayna xalqına qarşı hörmətsizlik idi.
Onun sözlərinə görə, Zelenski bunu ona görə qəbul etmədi ki, çünki bu, ölkə maraqlarının satılması anlamına gəlir: “Ukrayna çətin durumdadır və ABŞ-nin Rusiya ilə sövdələşməsi və Ukraynaya təzyiqləri Zelenski ilə yanaşı Avropa İttifaqı üçün də mənfi nəticələr doğurur. Məhz buna görə də Zelenski tələsik Türkiyəyə səfər etdi, eyni zamanda Avropa İttifaqı ölkələrinin liderləri toplantı keçirərək məsələni müzakirə etdilər.
Avropa İttifaqının xüsusilə lider ölkələri çox yaxşı bilirlər ki, Trampın onlara qarşı güclü təzyiqləri olacaq. Ona görə də, Ukrayna kartından Vaşinqtona qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Digər tərəfdən Ukraynaya silah verdiyi, həmçinin Suriyada hakim mövqedə olduğu üçün Rusiya Birləşmiş Ştatlarla görüşün Türkiyədə deyil, Səudiyyə Ərəbistanında keçirilməsinə razılaşdı. Bununla da Türkiyəni prosesdən kənarda qalacağının mesajını verdilər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenskini Türkiyədə qəbul etməklə Türkiyəsiz heç bir planın reallaşa bilməyəcəyini önə sürdü. Bu baxımdan istər Avropa İttifaqı ilə Birləşmiş Ştatlar arasındakı ziddiyyətlər, istərsə də Türkiyənin güclü aktor olaraq prosesə müdaxiləsi Zelenskiyə manevr imkanları verir. Bu da onu deməyə əsas verir ki, yaxın perspektivdə Ukraynanın maraqları nəzərə alınmadan addım atılmayacaq. Yəni sadəcə Vaşinqtonun maraqlarını özündə ehtiva edən saziş imzalanmayacaq.
Zelenski də Türkiyə və Avropa ittifaqının maraqları fonunda Kiyev üçün yaranan fürsətləri dəyərləndirməyə və Ukraynanın maraqlarının maksimum təmin olunmasına çalışır”.
Turan Rzayev