2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb.
Bu barədə Globalinfo.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, əsas təhlil üç respondent qrupunu əhatə edib: cari ilin 18 717 məzunu, əvvəlki illərin 592 məzunu və qəbul imtahanından sonra sorğuda iştirak edən 839 respondent.
Bundan əlavə, 2026-cı il ərzində müxtəlif imtahanlardan dərhal sonra keçirilən 64 sorğuda ümumilikdə 15 494 iştirakçının rəyi öyrənilib.
Qeyd olunub ki, sorğular zamanı imtahan şəraiti, nəzarətçilərin fəaliyyəti, tapşırıqların anlaşıqlığı, texniki və təşkilati məsələlər, eləcə də ümumi imtahan təcrübəsi ilə bağlı fikirlər toplanıb. Əsas sorğularda subyektiv çətinlik, anlaşıqlıq, etimad, stres, sosial təzyiq, imtahan və qəbul sistemi haqqında təsəvvürlər, həmçinin ixtisas seçiminə təsir edən amillər təhlil edilib. Təhlil zamanı imtahanın obyektiv çətinliyi ilə iştirakçıların onu subyektiv olaraq necə qiymətləndirməsi arasındakı fərqə də diqqət yetirilib.
Bildirilib ki, sorğuda iştirakçılara imtahan təcrübəsi ilə bağlı bir sıra fikirləri 1-dən 5- dək şkala üzrə qiymətləndirmək təklif olunub:
“1 “qəti razı deyiləm”, 5 isə “tam razıyam” cavabına uyğun olub. Buna görə orta göstərici 5-ə yaxınlaşdıqca həmin fikir respondentlərin cavablarında daha güclü ifadə olunur.
Buraxılış imtahanından sonra ümumi iştirakçı auditoriyasında imtahanın subyektiv çətinliyinin qiyməti beş ballıq şkalada orta hesabla 4,19 olub. Bu, yüksək göstəricidir. Ancaq açıq cavablar və narazılıq səbəbləri göstərir ki, həmin qiymət təkcə tapşırıqların mürəkkəbliyini ehtiva etmir. Ən çox qeyd edilən məqamlar tapşırıq və mətnlərin uzunluğu, vaxt çatışmazlığı, sualların çətinliyi və gözlənilməz tapşırıqlar olub”.
Araşdırmanın nəticələri ilə keçid vasitəsilə tanış olmaq mümkündür.