Bakının mərkəzində baş verən dəhşətli qətl cəmiyyətdə böyük narahatlıq doğurub. Keçmiş həyat yoldaşının küçənin ortasında ov tüfəngi ilə öldürülməsi, üstəlik hadisənin azyaşlı uşağın gözü qarşısında baş verməsi bir daha ailədaxili zorakılıq və qadın təhlükəsizliyi məsələsini gündəmə gətirib. Hadisə ilə bağlı araşdırma davam edir.
Azərbaycanda bu cür cinayətlərin sayı az deyil: keçmiş həyat yoldaşını öldürən xeyli sayda kişi var. Belə faciələrdən sonra hansı addımlar təcili atılmalıdır?
Globalinfo.az-a danışan hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, konkret cinayət işi üzrə istintaq davam edir və hadisəyə hüquqi qiymət yalnız araşdırma başa çatdıqdan sonra verilə bilər:
“Buna görə də hazırkı mərhələdə hadisənin səbəbləri və ya hər hansı şəxsin məsuliyyəti barədə qəti nəticə çıxarmaq düzgün olmaz. Lakin bir məsələ mübahisə doğurmur. Son illərdə Azərbaycanda keçmiş həyat yoldaşına qarşı törədilən ağır cinayətlərin təkrarlanması göstərir ki, ailədaxili zorakılıq mövzusu daim diqqət mərkəzində saxlanılmalıdır. Bu, təkcə hüquqi deyil, eyni zamanda sosial, psixoloji və mənəvi aspektləri olan mürəkkəb problemdir. Hesab edirəm ki, belə faciələrdən sonra əsas diqqət kimisə günahlandırmağa deyil, gələcək üçün düzgün nəticələr çıxarmağa yönəldilməlidir. Hər bir belə hadisə ayrıca araşdırılmalı, onun yaranmasına təsir edən amillər elmi və hüquqi baxımdan ciddi şəkildə təhlil olunmalıdır. Məhz belə yanaşma gələcəkdə daha səmərəli profilaktik tədbirlərin hazırlanmasına kömək edə bilər”.
Hüquqşünasın sözlərinə görə, bu məsələdə hüquqi maarifləndirmənin xüsusi əhəmiyyəti var:
“Cəmiyyət aydın şəkildə dərk etməlidir ki, nikah pozulduqdan sonra tərəflərdən heç birinin digərinin həyatı, davranışı və seçimləri üzərində hər hansı hüququ qalmır. Keçmiş həyat yoldaşına qarşı zorakılıq və ya təhdid nə ailə münasibəti, nə də şəxsi münaqişə kimi qəbul edilə bilər. Bu, hüquqi məsuliyyət yaradan əməldir”.
Əliməmməd Nuriyev
Ə.Nuriyev bildirib ki, cəmiyyətdə hələ də belə yanlış təsəvvür qalmaqdadır ki, nikah pozulduqdan sonra keçmiş həyat yoldaşı üzərində sanki hansısa “mülkiyyət xarakterli” hüquq qalır:
“Elə təsəvvür yaranır ki, həmin şəxs başqası ilə münasibət qura bilməz və ya onun şəxsi həyatı üzərində keçmiş tərəfin xüsusi hüquqları var. Halbuki nikah münasibətlərinə xitam verilməsi hər iki tərəfə həyatını müstəqil şəkildə yenidən qurmaq imkanı yaradır. Biz bu yanlış psixologiyadan uzaqlaşmalıyıq. Bunun ən vacib yolu isə genişmiqyaslı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsidir. Bir məqama da xüsusi diqqət yetirmək istərdim. Hadisədə azyaşlı uşağın baş verənlərə şahid olması faciənin ağırlığını daha da artırır. Şübhəsiz ki, bu hal cinayətə hüquqi qiymət verilərkən nəzərə alınacaq və ağırlaşdırıcı hal kimi qiymətləndirilə bilər. Belə hadisələr uşaqlarda uzunmüddətli psixoloji travmalar yaradır. Buna görə də cinayət-hüquqi aspektlə yanaşı, həmin uşaqlara psixoloji dəstəyin göstərilməsi də diqqətdən kənarda qalmamalıdır”.
Hüquqşünas deyib ki, bəzən belə fikirlər də səsləndirilir: valideynin övladı ilə görüşə bilməməsi bu cür cinayətlərin səbəblərindən biri ola bilər:
“Hesab edirəm ki, bu, mülki-hüquqi mübahisədir. Əgər valideyn valideynlik hüquqlarından məhrum edilməyibsə, onun övladı ilə görüşmək hüququ var və məhkəmə qərarlarının icrasına bu sahədə ciddi nəzarət edilməlidir. Bəzi hallarda belə mübahisələr gərginlik yarada bilər, lakin bunlar heç bir halda qətl kimi ağır cinayətə haqq qazandıra bilməz. Düşünürəm ki, bu hadisədən çıxarılmalı olan əsas nəticə ondan ibarətdir ki, ailədaxili zorakılıqla mübarizə yalnız hüquqi müstəvidə aparılmamalıdır. Mübarizə eyni zamanda maarifləndirmə, psixoloji dəstək, sağlam ailə münasibətləri mədəniyyətinin inkişafı və cəmiyyətdə zorakılığa qarşı barışmaz mövqenin formalaşdırılması istiqamətində də davamlı şəkildə həyata keçirilməlidir. Məhz belə kompleks yanaşma gələcəkdə oxşar faciələrin sayının azalmasına real töhfə verə bilər”.
Zaira Akifqızı
Globalinfo.az