baki biskek scaled

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə səfərdədir. Səfər çərçivəsində dövlət başçısı digər ölkələrin liderləri ilə bir sıra görüşlər keçirir. Qırğızıstan türk dünyasında Azərbaycanın mühüm tərəfdaşlarından biridir. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələr fəal şəkildə inkişaf edir.

Mraqlıdır, Prezident İlham Əliyevin Bişkekə hazırkı səfəri Azərbaycan-Qırğızıstan münasibətlərinin gələcək inkişafı baxımından hansı əhəmiyyət daşıyır? Bu səfər iki ölkə arasında əməkdaşlıq üçün hansı yeni imkanlar aça bilər?

Globalinfo.az-a danışan Qırğızıstan Respublikasının Ticarət-Sənaye Palatasının Qadın Sahibkarlığı Komitəsinin sədri, Türk Ticarət-Sənaye Palatasının Qadın Sahibkarlar Şurasında Qırğızıstan nümayəndəsi Ayjan Çınıbayeva deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekə hazırkı səfəri ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı baxımından böyük əhəmiyyət daşıyır:

“Bu gün Qırğızıstan Prezidenti Sadır Japarovla Azərbaycan Prezidenti İlham Əliyev arasında yaxşı, etibarlı və dostluq münasibətləri formalaşıb. Biz görürük ki, bu yüksək siyasi etimad səviyyəsi iqtisadiyyat, investisiyalar, turizm və humanitar əlaqələrdə konkret nəticələr verir. Xüsusilə vacib məqam ondan ibarətdir ki, 31 iyul 2026-cı ildə Qırğızıstan və Azərbaycan müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalayıblar. Bu sənəd faktiki olaraq ölkələrimizin strateji tərəfdaşlığın yeni mərhələsinə keçidini təsdiqləyib və daha sıx iqtisadi və siyasi əməkdaşlıq üçün əsas yaradır”.

A.Çınıbayıva bildirib ki, çox əhəmiyyətli göstəricilərdən biri də ticarət dövriyyəsidir:

“2025-ci ilin yekunlarına görə, Qırğızıstan və Azərbaycan arasında qarşılıqlı ticarət demək olar ki, iki dəfə artaraq 77 milyon dollara çatıb. 2026-cı ilin ilk yeddi ayında isə ticarət dövriyyəsi artıq təxminən 34 milyon dollar təşkil edib. Təbii ki, ölkələrimizin potensialı baxımından bunlar hələ kiçik rəqəmlərdir və məhz bu sahədə gələcək artım üçün böyük imkanlar görürəm”.

Ayjan Çınıbayeva qeyd edib ki, mühüm alətlərdən biri də Azərbaycan-Qırğızıstan İnkişaf Fondu olub:

“Fond iqtisadiyyatın prioritet sahələrində biznes layihələrini maliyyələşdirir. Ölkələrimiz onun kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması barədə razılığa gəliblər. Bu, yeni birgə müəssisələr və investisiyalar üçün artıq ciddi maliyyə bazasıdır. İkinci mühüm istiqamət turizmdir.

ayjan cinbayeva

Ayjan ÇınıbayevaA.Çınıbayeva deyib ki, bu gün ölkələrimizi yalnız tarixi və mədəni köklər, həmçinin türk dünyasına mənsubiyyət birləşdirmir:

“Biz konkret iqtisadi tərəfdaşlığın formalaşdığını görürük. Məncə, növbəti mərhələ qarşılıqlı ticarət və investisiyaların artırılması, turizm, nəqliyyat, kənd təsərrüfatı, emal sənayesi, yüngül sənayenin inkişafı və birgə müəssisələrin yaradılması ilə bağlı olmalıdır. Ən vacib məqam isə budur ki, bunun üçün bu gün dövlətlərimizin liderlərinin siyasi iradəsi mövcuddur. Sadır Japarovla İlham Əliyev arasında dostluq və etimad münasibətləri Qırğızıstan və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və sosial əlaqələrin daha da inkişafı üçün möhkəm təməl yaradır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: