xerite 1

Son günlər Qərb mediasında Azərbaycanla bağlı tənqidi materialların artması diqqət çəkir. Öncə Polşa, ardınca isə Böyük Britaniya mediasında Bakının ünvanına sərt yazıların dərc olunması bu kampaniyanın arxasında siyasi motivlərin olub-olmaması ilə bağlı suallar yaradıb.

Bəs Azərbaycan əleyhinə bu informasiya dalğası niyə məhz indi güclənib? Prosesin arxasında hansı qüvvələr və siyasi dairələr dayanır? Qərb mediasının Azərbaycana münasibətində bu tendensiyanın səbəbi nədir?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki,  Azərbaycanın son illərdə qarşılaşdığı geosiyasi çağırışların mühüm hissəsi artıq klassik diplomatik qarşıdurma müstəvisindən çıxaraq informasiya məkanına keçib:

“Bu prosesin mahiyyətini yalnız ayrı-ayrı Qərb media orqanlarının Azərbaycana münasibətdə nümayiş etdirdiyi aşkar qərəzlə izah etmək mümkün deyil. Çünki söhbət müxtəlif informasiya platformalarında eyni siyasi çərçivənin təkrar istehsalından, müəyyən subyektiv iddiaların ön plana çəkilməsindən, real faktların isə sistemli şəkildə gizlədilməsindən, Azərbaycanın regional və tarixi reallıqlarının kontekstdən çıxarılmasından və nəticə etibarilə ölkə haqqında əvvəlcədən müəyyən edilmiş mənfi təsəvvürün formalaşdırılmasına cəhd göstərilməsindən gedir.

“The Independent”, “The Guardian” və BBC-nin son materiallarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi yanlış istiqamətə yönəldən məlumatların yer alması, istisnasız olaraq, ölkəmizə qarşı aparılan hibrid informasiya müharibəsinin elementi kimi qiymətləndirilməlidir”.

Deputat bildirib ki, bu ənənəvi təxribat ssenarilərində bir paradoks xüsusilə diqqəti cəlb edir:

“Azərbaycanda baş verən hər hansı cinayət faktının təqib edilməsi, yaxud maraqlı tərəflərin uydurduqları siyasi hekayələr Qərb mediasında, bir qayda olaraq, demokratiya, insan hüquqları və siyasi azadlıqlar prizmasından qiymətləndirilir. Ermənistanda isə parlamentdə təmsil olunan partiya və blokların liderlərinin, funksionerlərinin həbsi “geosiyasi mübarizə”, “Rusiyanın təsiri”, “Ermənistanın Avropaya inteqrasiyası” və “Paşinyan hakimiyyətinin Moskva ilə qarşıdurması” kontekstində təqdim olunur. Bu fərq, şübhəsiz ki, təsadüfi deyil və məqsədyönlü xarakter daşıyır.

Hibrid informasiya müharibəsinin mahiyyətini yalnız saxta məlumatların yayılması ilə məhdudlaşdırmaq böyük yanlışlıq olardı. Müasir informasiya qarşıdurmasının daha effektiv üsulu həqiqəti tamamilə təhrif etmək deyil, onun müəyyən hissəsini kontekstdən çıxararaq təqdim etmək, həmin hissəni emosional və siyasi çərçivəyə salmaq, mahiyyətini dəyişmək və bununla da auditoriyanın hadisəyə münasibətini əvvəlcədən müəyyənləşdirməkdir”.

E.Mirzəbəylinin sözlərinə görə, bu qəbildən olan nümunələr Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı kifayət qədər çoxdur:

“Qərb mediası 2023-cü ildən sonra Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistana könüllü köçən ermənilərin, xüsusilə uşaqların və ailələrin yaşadığı faciəni həm humanitar problem, həm də emosional notlarla təqdim edir. Lakin “bu humanitar həssaslığın” niyə 30 il ərzində öz doğma torpaqlarından didərgin salınmış azərbaycanlılara, o cümlədən indiki Ermənistan ərazisindəki tarixi yurd yerlərindən zorla çıxarılan 300 min azərbaycanlıya münasibətdə nümayiş etdirilməməsinə aydınlıq gətirilmir. Xocalı soyqırımı qurbanlarının yaşadığı dəhşətli faciələrə isə göz yummaqda davam edilir.

elcin mirzebeyli 900x890 1
Elçin Mirzəbəyli 

Maraqlıdır, niyə özünü “azad sözün carçısı” hesab edən Qərb mediası bu günədək Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Şuşanın işğal dövründə məhv edilmiş mədəni və sosial infrastrukturu haqqında ardıcıl və genişmiqyaslı reportajlar hazırlamayıb? Niyə amansız təzyiq və təqiblərə məruz qalaraq öz evlərindən qovulan yüz minlərlə azərbaycanlının doğma yurdlarına qayıtmaq hüququ uzun illər ərzində Qərb mediasının gündəliyində Qarabağı könüllü tərk edən ermənilərin hüquqları qədər prioritet mövzu olmayıb?”

Deputat qeyd edib ki, burada söhbət humanitar prinsiplərin universallığından gedir:

“Əgər hər hansı bir insanın hüququ universal anlayışdırsa, onun etnik mənsubiyyəti bu hüquqa münasibəti dəyişməməlidir.

Əgər məcburi köçkünlük, yaxud qaçqınlıq insan faciəsidirsə, həmin faciənin kimin başına gəlməsi onun beynəlxalq informasiya dəyərini müəyyən etməməlidir. Əks halda bu, yumşaq desək, vicdansız selektiv humanizmdir.

Beynəlxalq informasiya məkanı siyasi aktorların, PR şirkətlərinin, hüquq firmalarının, diaspor təşkilatlarının və lobbi strukturlarının təsir göstərdiyi mürəkkəb ekosistemdir. Ona görə də Azərbaycanla bağlı beynəlxalq kampaniyaları təhlil edərkən yalnız bu və ya digər müəllifin yazdığı son mətni deyil, həmin mətnin hansı informasiya zəncirindən keçərək redaksiyaya çatdığını da araşdırmaq lazımdır. Bu informasiya təxribatlarının zamanlaması da təsadüfi sayıla bilməz.

Azərbaycan artıq əvvəlki regional reallığın subyekti deyil. 2020-ci il müharibəsindən, 2023-cü ildə ərazi bütövlüyünün tam bərpasından və sonrakı diplomatik proseslərdən sonra Cənubi Qafqazın geosiyasi arxitekturası dəyişib. Azərbaycanın Türkiyə ilə müttəfiqlik münasibətləri dərinləşib, Mərkəzi Asiya ilə əlaqələri strateji səviyyəyə yüksəlib, enerji və nəqliyyat layihələrində ölkənin çəkisi artıb, Orta Dəhliz və Xəzər üzərindən yeni bağlantılar Azərbaycanın regional rolunu daha da gücləndirib.

Bu isə ənənəvi təzyiq imkanlarını itirən dairələri narahat edir. Çünki baş verənlər uzun illər boyu Azərbaycan ərazilərinin işğalından siyasi və maddi qazanc əldə edən korrupsioner siyasətçiləri və onların mediadakı əlaltılarını da narahat edir.

Məqsəd isə Azərbaycanın yeni regional reallıqda qazandığı siyasi və geosiyasi çəkini beynəlxalq ictimaiyyətin gözündə legitimlik problemi ilə müşayiət etməkdir.

Bunun ən rahat yolu ölkənin daxili siyasi obrazını mənfiləşdirmək, onun dövlətçilik və təhlükəsizlik arqumentlərini ikinci plana keçirmək və Azərbaycanı daim qondarma iddialarla “ittiham kürsüsündə” saxlamaqdan ibarətdir.

Düşünürəm ki, bütün bu təxribatların ən mükəmməl cavabı Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzu, ölkəmizin qlobal beynəlxalq platformalarda geosiyasi proseslərə təsir imkanı olan orta güc kimi qəbul edilməsidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: