fransa etiraz

Fransanın sağçı Milli Birlik (RN) partiyasının deputatı Jan-Filip Tanqi 2027-ci il prezident seçkiləri ilə bağlı diqqətçəkən açıqlamaları ilə gündəmə gəlib. O bildirib ki, Marin Le Penin RN-nin namizədi olduğu prezident seçkilərində partiya qalib gələrsə, hicab taxanlara cərimə tətbiq edilməsi planlaşdırılır.

Fransada xeyli sayda müsəlman yaşayır. Bu qərar qəbul edilərsə, Fransada və Avropada sivilizasiyalararası toqquşma baş verə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Fransada müsəlmanların sayı ölkə əhalisinin 5-7 faizini təşkil edir:

“Qeyri-rəsmi məlumatlara görə, Fransada 10 milyona yaxın müsəlman yaşayır. Ancaq bunun sivilizasiyalararası toqquşmaya gətirib çıxaracağını demək üçün 2023-cü ildə baş verən və “Sarı jiletlilər” hərəkatından sonra ən böyük toqquşmalardan biri hesab olunan hadisələrə nəzər salmaq lazımdır.

2023-cü il iğtişaşları zamanı Fransada küçələr yandırıldı, obyektlər dağıdıldı, ciddi maddi zərər dəydi, o cümlədən asfalt örtüyünə ziyan vuruldu. Hadisələr başladı, iğtişaşlara çevrildi və başa çatdı. Ölkə miqyasında böyük effekt yaratmadı.

eziz elibeyli esas 900x600 1

Əziz Əlibəyli

Özünün zirvəsini yaşayan “Sarı jiletlilər” hərəkatı sosial baxımdan, ümumiyyətlə, cəmiyyətin bütün təbəqələrini silkələmişdi. Lakin 2023-cü il hadisələrində aparıcı tərəf Afrikanın ərəb ölkələrindən və Asiyadan olan ərəblər, müsəlmanlar idi. Müxtəlif şüarlara, etirazlara və dini cihad çağırışlarına rəğmən, Fransa əhalisi hökumətdən maddi və sosial baxımdan narazı olsa da, həmin hərəkatı sona qədər dəstəkləmədi.

Yəni sosial partlayışlar və daxili qütbləşmə riski maksimum həddə çatıb. Lakin bu, Fransanın daxili ictimai-siyasi həyatı üçün spesifik məsələdir. Burada islam fundamentalizmi ənənəsinin uğur qazanacağını düşünmürəm.

Sağçı hökumət olmasa belə, böyük ölçüdə dəyişiklik baş verməyəcək. İslamofobiya institutlaşıb, diskriminasiya da var. Amma Fransa əhalisi bu məsələlərdə seçicidir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: