Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə birlikdə biznes forumunun keçiriləcəyini açıqlayıb. Mirzoyan bildirib ki, yay aylarında Qarsda belə bir forum keçirilib və Ermənistan həmin tədbirdə geniş tərkibdə təmsil olunub.
Onun sözlərinə görə, Türkiyə tərəfi yeni biznes forumunun keçirilməsini təklif edib və Ermənistan da bu təkliflə razılaşıb.
Türkiyə ilə Ermənistanın iqtisadi sahədə bu qədər yaxınlaşması nədən xəbər verir? Bu proses Azərbaycan aspektindən necə dəyərləndirilməlidir?
Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan 30 illik işğala və ağır müharibəyə, eləcə də itkilərə baxmayaraq, Ermənistanla sülh quruculuğu prosesindədir:
“Avqustun 31-də Bişkekdə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş də bunu təsdiq edir. Əməkdaşlıq davam edir. Azərbaycan Ermənistana enerji məhsulları satır. Bir sıra ölkələrdən Ermənistana göndərilən taxıl və digər məhsullar Azərbaycan üzərindən keçir. İrəvan rəsmilərinin məlumatına görə, Azərbaycan da Ermənistandan məhsullar alacaq. Bütün bunlar ortadaykən, Türkiyə ilə Ermənistan arasında biznes forumunun keçirilməsi qeyri-adi deyil.

Elxan Şahinoğlu
Əksinə, bu gün əsas məqsəd regionda sülhün, sabitliyin və əməkdaşlığın genişləndirilməsidir. Türkiyə getdikcə böyüyən iqtisadi gücə malik ölkədir. İki ölkə arasında biznes forumunun keçirilməsi regionda sülhə və əməkdaşlığa xidmət edəcək.
Bu, o demək deyil ki, iki ölkə dərhal barışacaq. Türkiyənin mövqeyi qətidir. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Ankara da İrəvanla diplomatik münasibətləri bərpa edəcək”.
Turan Rzayev
Globalinfo.az