14936472692985016281 1200x630

Naxçıvan Dövlət Universitetinə (NDU) yüksək balla qəbul olunan tələbələrin sayında son illərdə ciddi artım müşahidə olunur. Belə ki, 600 və daha yüksək bal toplayaraq universitetə qəbul olanların sayı 2024-cü ildə 41 nəfər olduğu halda, 2026-cı ildə 166 nəfərə yüksəlib.

Bu göstərici NDU-nun ölkənin aparıcı ali təhsil müəssisələri ilə rəqabət imkanlarını artırması kimi dəyərləndirilir.

NDU-ya tələbat birdən-birə niyə bu qədər artdı?

Globalinfo.az-a danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli deyib ki, NDU-da qeydə alınan inanılmaz sıçrayış təsadüfi və birdəfəlik göstərici kimi qiymətləndirilə bilməz:

“Burada universitetin son illərdə keçdiyi inkişaf mərhələsinin müəyyən təsiri var. Əvvəla, NDU əvvəlki illərlə müqayisədə ixtisas portfelini ciddi şəkildə genişləndirib. Bir sıra ixtisasların ingilis dilində tədris olunması, eləcə də ikili diplom proqramlarının tətbiqi universitetin cəlbediciliyini artıran əsas amillərdəndir. Digər mühüm məqam isə universitet haqqında ictimai təsəvvürün dəyişməsidir. Yüksək bal toplayan abituriyentlər artıq yalnız paytaxtdakı universitetləri nəzərdən keçirmirlər. Əgər universitet müasir ixtisaslar, beynəlxalq imkanlar, keyfiyyətli infrastruktur və gələcək karyera baxımından real üstünlüklər təqdim edirsə, coğrafi məsafə əvvəlki qədər həlledici amil olmur”.

emrah hesenli
Əmrah Həsənli

Ekspert bildirib ki, yüksək balla qəbul olunan tələbələrin sayının artması universitet qarşısında da ciddi məsuliyyət yaradır:

“600 və daha yüksək balla qəbul olunan tələbələrin gözləntiləri də yüksək olur. Buna görə NDU qarşıdakı illərdə bu göstəricini yalnız qəbul nəticələri ilə deyil, məzunların akademik nailiyyətləri, beynəlxalq imkanları və əmək bazarındakı uğurları ilə də təsdiqləməlidir.

Bu baxımdan, artımı NDU-ya tələbatın birdən-birə yaranması kimi yox, universitetin son illərdə yaratdığı yeni imkanların abituriyentlərin seçim davranışına təsirinin nəticəsi kimi qiymətləndirmək daha doğru yanaşmadır. Artımın müsbət tendensiya ilə davam etməsi isə şübhəsiz ki, universitetin inkişafı baxımından müsbət göstəricidir və növbəti illərdə də bu uğur qorunub saxlanılacaq”.

Ləman İmran
Globalinfo.az

Paylaş: