Qırğızıstanın paytaxtı Bişkekdə Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında ayaqüstü qısa söhbət baş tutub. Görüşün qeyri-rəsmi və qısa formatda keçirilməsi, xüsusilə son dövrlərdə Bakı-Moskva münasibətlərində yaşanan gərginlik fonunda diqqət çəkib.
Bəs liderlərin bu təması Rusiya-Azərbaycan münasibətlərində hansı mənzərəni ortaya qoyur? Ayaqüstü söhbət tərəflər arasında dialoqun davam etdiyini göstərən mesaj kimi qiymətləndirilə bilərmi?
Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, Bişkekdə baş tutan təmas iki dövlət başçısı arasında rəsmi görüş deyil:
“Ümumiyyətlə, görüşün geniş müzakirə predmeti yoxdur. Müqayisə üçün deyim ki, cənab Prezident Bişkek səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla geniş nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirdi. Həmin görüşdə baş nazir müavinləri də iştirak ediblər. Görüş zamanı gələcək münasibətlər, iqtisadi məsələlər, sərhədlərin delimitasiya və demarkasiyası kimi məsələlər müzakirə olunub.
Bundan başqa, Azərbaycan Prezidenti Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, İran Prezidenti Məsud Pezeşkian və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşlər keçirib. Bu görüşlər zamanı da ciddi məsələlər müzakirə olunub.
Lakin Rusiya Prezidenti Vladimir Putinlə bu motivdə, yəni eyni formatda görüş baş tutmadı. Baxmayaraq ki, hazırda Rusiya ilə Azərbaycan arasında müəyyən məsələlər üzrə soyuqluq mövcuddur”.
Turan Rzayev
Globalinfo.az