pasinyan putin

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində atdığı addımların Moskva ilə İrəvan arasındakı münasibətlərə təsir göstərəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, Putin bu barədə Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə danışıb.

Kreml rəhbəri qeyd edib ki, Rusiya Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşı olaraq qalır. Onun sözlərinə görə, 2026-cı ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb. Putin bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyü dövründə ölkənin ümumi daxili məhsulu üç dəfə, Aİİ ölkələrinə ixracı isə 10 dəfə artıb.

Ermənistanın Aİ-yə üzvlük kursuna toxunan Putin bunun ölkənin qanuni hüququ olduğunu vurğulayıb. Lakin onun sözlərinə görə, bu istiqamətdə atılan addımlar Ermənistanın Aİİ-də gələcək üzvlüyü ilə bağlı müəyyən çətinliklər yarada bilər. Rusiya Prezidenti bildirib ki, Ermənistanın başqa bir beynəlxalq təşkilata üzvlük prosesinə başlamaq barədə qanun qəbul etməsi faktiki olaraq hazırda üzv olduğu təşkilatdan çıxmaq niyyətinin bəyan edilməsi deməkdir.
Putin İrəvanın Aİ-yə üzvlüklə bağlı mövqeyini nə qədər tez dəqiqləşdirəcəyinin Moskva üçün bir o qədər yaxşı olduğunu deyib.

“Biz gələcəkdə Ermənistanla münasibətlərimizi necə quracağımızı anlamaq üçün İrəvanın hansı istiqamətdə hərəkət edəcəyini bilməliyik”, – Rusiya Prezidenti vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: