Kəndlər azad edilir: Ukrayna fərqli taktika seçib – Politoloq

Ukrayna ordusu əks-hücum əməliyyatı çərçivəsində Donetsk vilayətində Neskuçne, Bloqodatne, Makarivka, Storojeve (Mariupol istiqamətində) və Berxivka (Baxmut istiqamətində) yaşayış məntəqələrini işğaldan azad edilib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, yəqin, tezliklə Qərb dövlətləri F-16 qırıcı təyyarələrini də Ukraynaya təhvil verəcəklər:

“Bu, rəsmi Kiyevin əks-hücum əməliyyatlarını gücləndirməklə yanaşı, həm də müharibəni daha da şiddətləndirəcək. Əlbəttə, Ukrayna ordusunun əldə etdiyi uğurlar Rusiyanı qıcıqlandırır.

Kaxovka SES-in partladılmasından sonra Rusiyanın daha ciddi fəlakətlər törədə biləcəyi mümkündür. Ukrayna əks-hücumlarla Rusiyanın “damarına basır”. Buna cavab olaraq rəsmi Moskvanın nüvə silahından istifadə etməsi ehtimalı getdikcə artır.

Kənan Novruzov

Əlbəttə, Ukraynanın əks-hücum əməliyyatlarında ABŞ da ciddi pay sahibidir. Ağ Evdə də yaxşı başa düşürlər ki, nüvə silahının tətbiqi ehtimalı hər ötən gün artır. Rəsmi Vaşinqton bunu bilə-bilə əks-hücum əməliyyatlarına şərait yaradırsa, görünür, nüvə silahının tətbiqində maraqlıdır. Əks halda ABŞ Rusiyanı bu qədər qıcıqlandırmazdı.

Düşünürəm ki, əks-hücum əməliyyatları davam edəcək. Rusiya daxilində partizan fəaliyyətlərinin güclənməsi gözlənilir. Əvvəl də dediyim kimi, Ukrayna “qalanı içindən parçalamaq” taktikasını seçib.

Yaxın zamanda Krım yarımadasında aktiv hərbi əməliyyatların başlanacağını düşünmürəm. Amma Krımın il ərzində azad edilməsi mümkündür. Əlbəttə, bu vaxtadək Rusiya nüvə silahından istifadə etməsə…”

Turan Rzayev
Globalinfo.az