Prezidentin bu fərmanı jurnalistlərə 10 milyon qazandıracaq

Media subyektlərinin öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilib.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Ümumilikdə bu məsələ medianın fəaliyyəti üçün nə dərəcədə zəruri idi? Yeni qərar Azərbaycan mediasının gələcək inkişafına necə təsir göstərəcək?

Yeni dəyişikliyin media subyektlərinin fəaliyyətinə gözlənilən təsirini Globalinfo.az-a dəyərləndirən əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Elçin Mirzəbəyli qərarın sosial media ilə rəqabətə son qoyacağını bildirib:

“Azərbaycanda bir sıra sahələrin inkişafı ilə bağlı stimulverici addımlar atılır. Media da biznes sektorunun bir hissəsi olaraq bura daxildir. Dövlətin də inkişafında maraqlı olduğu sahəyə vergi güzəştləri tətbiq edilməsini tamamilə normal qəbul etmək lazımdır. Şübhəsiz ki, bu addım peşəkar medianın inkişafına verilən dəstəyin göstəricisidir. Məlum olduğu kimi güzəştlər həmçinin reklam gəlirləri və digər istiqamətlər üçün də nəzərdə tutulub. Bundan öncə də çap məhsullarının ƏDV-dən azad edilməsi ilə bağlı qərar qəbul olunmuş, qanunvericilikdə müvafiq dəyişikliklər edilmişdi. Ayrılan yardımlar artıq əlavə itkilərə məruz qalmadan medianın fəaliyyətinə xidmət edəcək.

Reklam gəlirlərinin azad edilməsi də reklamverənlərin prosesə cəlb edilməsi, həm də sosial şəbəkələrlə media arasında yaranmış qeyri-bərabər rəqabət mühitinə son qoyulması baxımından müsbət addımdır. Sosial şəbəkələrdə verilən reklamlar isə vergilərdən azad edilməyib. Əksinə, bu vergilərin artırılmasını doğru hesab edirəm ki, axını peşəkar mediaya istiqamətləndirə bilək. Çox güman ki, bu istiqamətdə də müəyyən addımlar atılacaq. Bu da Azərbaycanın məhdud olan reklam bazarının inkişafına xidmət edir, həm də liberallaşma prosesinin stimullaşdırılması deməkdir”.

E.Mirzəbəyli bunun peşəkar mediaya verilən möhlət müddəti kimi qiymətləndirilə biləcəyini söyləyib:

“Ümumiyyətlə, mediaya edilən yardımların məqsədi müstəqil gəlir mənbələri əldə edilənə kimi onu ayaqda saxlamaq, peşəkar medianın mövqelərini möhkəmləndirməsindən ibarətdir. Paralel olaraq medianın müasir trendlərə cavab verməsi, inkişafı istiqamətində çoxsaylı təlimlər həyata keçirilir. Burada jurnalistlərin peşəkar vərdişlərinin, dil bilgilərinin artırılması, ixtisaslaşma prosesinin sürətləndirilməsi, sahəvi jurnalistikanın inkişafına diqqət yetirilir.

Ümumilikdə bu güzəştlər 3 il müddətində mediaya imkan verəcək ki, ayrılan maliyyə yardımları, əldə edilən reklam gəlirləri və digər bu kimi istiqamətlərdən öz fəaliyyətlərini irəliyə apara bilsinlər. Yəni bunu peşəkar mediaya verilən 3 illik möhlət kimi də dəyərləndirmək olar. Bütövlükdə bir media mənsubu kimi edilən yardımlar, vergi güzəştləri, peşəkar medianın dəstəklənməsi baxımından Azərbaycan Prezidentinə təşəkkür edirəm”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Globalinfo.az-a açıqlamasında nəticə olaraq 10 milyon manat məbləğində vəsaitin mediaya qalacağını bildirib:

“MEDİA-nın təşəbbüsü ilə hazırlanmış, Milli Məclisin müzakirələrində qəbul edilmiş və nəhayət, cənab Prezidentin fərmanı ilə qüvvəyə minmiş vergi güzəştləri alqışa layiqdir. Çap və onlayn  media üçün nəzərdə tutulan bu güzəştlər KİV gəlirlərinin 3 il müddətində vergidən azad edilməsini nəzərdə tutur. Bu, dövlət büdcəsinə böyük bir ağırlıq gətirmir. Nəzərdə tutulan güzəştlərin ümumi məbləği təqribən 10 milyon manat civarında qiymətləndirilir. Güzəştlər nəticəsində bu 10 milyon manat dövlətə ödənilməyəcək, KİV-lərin özünə qalacaq. Bu məbləğ KİV-lər üçün çox böyük rəqəmdir. Dövlət büdcəsinə xüsusi ziyan vurmadan peşəkar KİV-lərin gəlirlərinin artmasında böyük rol oynayacaq. Nəticədə informasiya məkanımız, bütövlükdə cəmiyyətimiz bundan uduş əldə edəcək”.

M.Ələsgərli bu qərarın peşəkar jurnalistlərin sosial vəziyyətinə də müsbət təsir edəcəyini bildirib:

“Azərbaycanda peşəkar media uzun müddətdir ki, sosial mediaya ilə ədalətsiz rəqabət mühitində yaşayır. Sosial şəbəkələrin geniş vüsət tapmasına baxmayaraq, cəmiyyətin ehtiyac duyduğu etimadlı informasiyanı peşəkar KİV-lər hazırlayırlar. Bu baxımdan uzun müddətdir ki, media ekspertləri Azərbaycanda peşəkar media subyektlərinə müəyyən güzəştlərin tətbiq edilməsi ilə bağlı təkliflər verirdilər. Bu təkliflər peşəkar medianın bu ədalətsiz rəqabət mühitində dayanıqlığını və maddi imkanlarını möhkəmləndirməyə yönəlib.

Peşəkar medianın maliyyə mənbələrinin inkişaf etməsi, paralel olaraq media subyektlərinin biznes modelinə keçidinin təmin edəcək, nəticə etibarilə peşəkar jurnalistika ilə məşğul olan şəxslərin də sosial durumlarının yaxşılaşdırılmasına təsir edəcək. Ümumilikdə peşəkar media məkanının inkişaf etməsinə təkan verəcək”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan media eksperti Ələsgər Məmmədli məsələyə fərqli münasibət bildirib:

“Medianın qazancının əsas hissəsini reklam və sponsor gəlirləri təşkil edir. Ümumiyyətlə, peşəkar mediaya dövlət yardımı olmamalıdır, digər media subyektlərinə isə təsis yardımı kimi düşünülə bilər. Yəni təsisçi kimi dövlət tərəfindən müəyyən vəsait qoyula bilər. Medianın bu və ya digər formada ayaqda qalması asan məsələ deyil. Zamanla o öz müstəqilliyini itirir və yardımlara bağlı qalır. Buna görə də media subyektlərinin inkişafı əslində biznes fəaliyyətinin, reklam bazarının genişlənməsinin, sərbəst bazar münasibətlərinin inkişafı ilə sıx bağlıdır. Media bu çərçivədə azad fəaliyyət göstərdiyi zaman daha çox gəlir əldə etmək imkanına sahib olur. Mediaya büdcə yardımlarının göstərilməsi onun inkişafına mənfi təsir edir. Buna görə də reklam və sponsor gəlirlərinin minimalizə edilməsi, müəyyən müddət üçün aşağı salınması daha diqqətçəkən məqamdır”.

“Media subyektlərinin inkişafı üçün başqa addım da atıla bilər. Hər hansı biznes strukturu onunla əlaqədə olan media qurumuna reklam, yaxud yardım kimi vəsait ayırırsa, bu məbləği həmin biznes strukturunun vergisindən çıxmaq olar. Beləliklə, onu mediaya daha çox reklam verməyə təşviq etmiş olarıq. Bu, həm də medianın biznesyönümlü inkişafı üçün müsbət addım olacaq”, – deyə ekspert bildirib.

Qeyd edək ki, qanuna əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq. Bu isə audiovizual media subyektlərinə şamil olunmur.

Ayşən Mustafa
Globalinfo.az