
İsrail İranın ali dini lideri Ayətullah Əli Xameneini strateji hədəf kimi seçib. Ekspertlər deyir ki, bu qərar təkcə hərbi taktika deyil, həm də regionda siyasi dinamikanı dəyişdirməyə yönəlmiş daha geniş bir planın tərkib hissəsi kimi dəyərləndirilə bilər.
İsrailin Xameneiyə qarşı konkret addımlar atmaq istəyi, Vaşinqton nəzdində birmənalı qarşılanmır. Belə ki, bu məsələyə ehtiyatlı yanaşılması, iki müttəfiq güc arasında metodoloji fərqləri və strateji çəki dəyərləndirmələrini üzə çıxarır.
Donald Trampın son açıqlaması bu ikili yanaşmanın bariz nümunəsidir: “Onun harada olduğunu bilirik. Asan hədəfdir. Amma hələlik onu öldürmək niyyətində deyilik”. Bu bəyanat təkcə faktiki vəziyyəti əks etdirmir, eyni zamanda psixoloji təzyiq elementi daşıyır.
Ekspertlər hesab edir ki, məqsəd, ehtimal ki, İran rəhbərliyinə təzyiq göstərmək və onu danışıqlar masasında güzəştə məcbur etməkdir.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İsrail İranın dini liderini hədəf almağa dair addımlar atıb:
“Amma ABŞ və İraq şiələrinin nüfuzlu lideri Ayətullah Əli Sistani buna qarşı çıxıb. Onlar bu addımın regionda ciddi mənfi nəticələr doğuracağını və situasiyanı nəzarətdən çıxara biləcəyini bəyan ediblər. Bu səbəbdən, İsrail və ABŞ hələlik bu plandan geri çəkilib.
Lakin müharibə dərinləşərsə, Xameneinin fiziki cəhətdən aradan götürülməsi yenidən gündəmə gələ bilər. Xamenei İranda sistemin birləşdirici simvoludur. Buna baxmayaraq, onun öldürülməsi rejimin dərhal çökməsi ilə nəticələnməyə bilər. Onun yerinə artıq namizəd var oğlu Müstəcəb Xamenei bu rola hazırlanır”.
Məhəmməd Əsədullazadə
M.Əsədullazadənin fikrincə, ABŞ və İsrailin hədəfi İran rejimini zəiflətməkdir:
“Lakin rejimin tam şəkildə aradan qaldırılması ehtimalı real görünmür. İsrail əvvəldə düşünürdü ki, Xameneinin aradan götürülməsi ilə İranda xaotik vəziyyət yaranacaq, lakin hadisələrin inkişafı bu gözləntini doğrultmadı. Əksinə, sistem sabitliyini qoruyub saxlayır.
Mövcud durum onu göstərir ki, Xameneinin fiziki hədəfə çevrilməsi həm geopolitik riskləri artırır, həm də beynəlxalq münasibətlərdə yeni gərginlik dalğası yarada bilər. ABŞ-ın bu məsələyə ehtiyatla yanaşması da bununla izah olunur. Rejimin başçısını hədəf almaq qısa müddətli zərbə təsiri yaratsa da, uzunmüddətli sabitlik və regiondakı güc balansı üçün əks-effekt verə bilər.
Bu mərhələdə Vaşinqtonun əsas hədəfi rejimi çökdürmək yox, təzyiqlə güzəştə məcbur etmək, danışıqlar masasında psixoloji üstünlük əldə etməkdir. İsrail isə hələ də daha sərt strategiyanın tərəfdarı olaraq qalır”.
Turan Rzayev
Globalinfo.az