İran Azərbaycanla savaşıb İsraillə barışa biləcəkmi? – Geopoltik gerçək

Qərb mətbuatı İranla İsrail arasında məxfi danışıqların başlandığına dair sensasion məlumat yayıb. Danışıqların birinci raundu Çinin vasitəçiliyi martın 23-də Honkonqda, ikinci raundu isə Şanxayda başladığı deyilir.

Diqqətçəkən məqam isə Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İranın münasibətlərini normallaşması sonrası İsrail ilə İran arasında belə bir görüşün təşkil edilməsidir.

Maraqlıdır rəsmi Pekin iki barışmaz düşmən İran və İsrail arasında münasibətlərin normallaşmasına nail ola biləcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Çinin vasitəçiliyi ilə başlanan İsrail-İran danışıqların uğurlu olacağına inanmır:

“Məsələ ondadır ki, İsrail ilə İran arasında gərginlik və düşmənçilik münasibətləri çox dərindir. Bu mənada İsrail-İran münasibətlərinin normallaşması Səudiyyə Ərəbistanı-İran münasibətlərinin normallaşması qədər asan olmayacaq. Bu baxımdan prosesə dair nikbin fikir irəli sürənlərin sayı da çox azdır.

Əlimusa İbrahimov

Digər tərəfdən İran-İsrail münaqişəsinin bir səbəbi də ABŞ-la bağlıdır. Yəni bu gün bu iki ölkə münasibətləri normallaşdırmaq qərarına gəlirsə İran-ABŞ münasibətləri də normallaşmalıdır. Bu isə daha imkansız bir şeydir.

Hesab edirəm, İran-İsrail danışıqları İranın nüvə proqramı danışıqları kimi uzanacaq və sonda nəticəsiz qalacaq.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, görüşün təşəbbüskarı kimi Pekin çıxış etsə də bu işdə Rusiyanın da maraqları hiss olunur:

“Çin əvvəlcə İranla Səudiyyə Ərəbistanını barışdırdı, tərəflər arasında danışıqlar Pekində həyata keçirildi. Pekin indi daha ağır işə girişib, iki qatı düşməni barışdırmaq alınmasa da, İsraillə İranı qarşıdurmadan çəkindirmək istəyir. İranın Rusiya və Çinlə sıx əlaqələri mövcuddur.

İsrail İran qədər Çin və Rusiya ilə tərəfdaş olmasa da, Moskva və Pekinlə dialoqu mövcuddur. Ona görə də Çin və Rusiya var gücləri ilə İsraillə İranı müharibədən çəkindirmək istəyirlər. Bunun başlıca şərti İran nümayəndə heyətini nüvə silahı əldə etməyi düşünmədikləri barədə İsrailin nümayəndə heyətini inandırmaqdır. Bu alınmasa Çində danışıqlar nəticə verməyəcək.

Bu arada, başqa sual aktuallaşır. İran regional rəqibi Səudiyyə Ərəbistanı ilə barışmaq və qatı düşməni İsraillə müharibədən sovuşmaq istəyərkən qonşusu Azərbaycanı niyə hədələməkdə davam edir? Məntiqlə Tehran eynilə Bakı ilə də münasibətlərin normallaşması və mövcud problemlərin həllini sürətləndirmək barədə düşünməməlidirmi?

Əksini müşahidə edirik. Belə çıxır ki, İran rejimi üçün Azərbaycana qarşı təxribatları davam etdirmək daha vacibdir. O ki qaldı İranın Səudiyyə Ərəbistanı və İsraillə dialoqa başlamasına, hər ikisinin perspektivi dumanlıdır. İranda mövcud olan rejimin istənilən an atacağı təxribatçı addım Tehranın Səudiyyə Ərəbistanı və İsraillə münasibətlərini yenidən gərginlik nöqtəsinə gətirəcək. Digər tərəfdən ABŞ Çinin və ya Rusiyanın vasitəçiliyi ilə İranın Səudiyyə Ərəbistanı və ya İsraillə barışmasının əleyhinədir və bu prosesə müxtəlif vasitələrlə mane olacaq”.

Turan Rzayev
Globalinfo.az