İranın Azərbaycanla sərhədə hərbi texnika, raketlər yerləşdirilməsi, Xudafərin körpüsü istiqamətində təhdidlərin olacağına dair mediada və sosial şəbəkələrdə videolar və məlumatlar yayılır.
Erməni iranşünas Vardan Voskanyan isə sosial şəbəkə hesabında İranın potensial hədəfləri arasında Azərbaycanla sərhəddə yerləşən Xudafərin körpüsünün də olduğunu iddia edib.
Voskanyanın iddiasına görə, körpü ilə yanaşı, Azərbaycan-İran sərhədində yerləşən, yaxınlığında “Yaşa Azərbaycan” yazısı görünən strateji əhəmiyyətli yol da İranın mümkün hədəfləri sırasındadır.
Erməni iranşünas bu iddialarını İranın Ali lideri Müctəba Xameneinin cavab zərbələrinin coğrafi məhdudiyyət olmadan həyata keçiriləcəyi barədə açıqlaması ilə əlaqələndirib.
Voskanyanın fikrincə, həmin bəyanatda nəzərdə tutulan potensial istiqamətlərdən biri Azərbaycanla sərhəd əraziləri ola bilər.
O, iddialarını əsaslandırmaq üçün sosial şəbəkələrin İran seqmentində, xüsusilə “Telegram” kanallarında yayılan görüntülərə istinad edib.
Həmin kadrlarda Xameneinin “coğrafi məhdudiyyət olmadan” ifadəsi xatırladılır, Xudafərin körpüsü və yaxınlığında “Yaşa Azərbaycan” yazısı görünən yol isə mümkün hədəf kimi təqdim olunur.
Globalinfo.az bildirir ki, məsələ ilə bağlı Lent.az İranın Azərbaycandakı səfirliyinə sorğu ünvanlayıb.
Səfirlikdən bildirilib ki, yayılan iddialar əsassız və etibarsızdır.
“Bu cür əsassız və etibarsız iddiaları cavablandırmağa belə dəyməz”, – deyə səfirliyin cavabında bildirilir.
Beləliklə, İranın Xudafərin körpüsünü və Azərbaycanla sərhəddə yerləşən yolu hədəfə alacağı barədə yayılan iddialar İranın diplomatik nümayəndəliyi tərəfindən təkzib edilib.
