dali 1

Bakıda bağ evində qızı zorlamağa cəhd ittihamı ilə saxlanılan Bəxtiyar Dali (Qaraşov) ətrafında müzakirələr davam edir. Zərərçəkmişin vəkili Vüqar Əliyev bildirib ki, hadisə zamanı Bəxtiyar Dali tək olmayıb, daha 2 nəfər cinayətdə iştirak edib.

Zorlamağa cəhd zamanı hansı cəza nəzərdə tutulur? İstintaq qızın bağa könüllü, yoxsa zorla aparıldığını nəzərə alacaqmı?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, bir qrup şəxs tərəfindən zorlamağa cəhd edilməsi cinayət məsuliyyətinə səbəb ola bilər:

“Cinayətə cəhd bilavasitə cinayətin törədilməsinə yönəlmiş, lakin şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamış qəsdən edilən əməldir. Burada zərərçəkmiş qadın qaçdığını bildirir. Bu hal zorlamağa cəhd kimi qiymətləndirilə və cinayət məsuliyyətinə səbəb ola bilər. Bir qrup şəxs tərəfindən zorlama cinayətinə görə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Lakin söhbət cəhddən getdiyi üçün cəzanın konkret həddi hadisənin hüquqi qiymətləndirilməsindən asılı olacaq.

Belə hadisələrdə təhqiqat və istintaqın dərhal aparılması, ekspertizanın, o cümlədən DNT müayinəsinin vaxtında həyata keçirilməsi vacibdir. Sübutların gec toplanması istintaqı çətinləşdirə bilər. Zorlamağa cəhdin sübut edilməsi də ayrıca araşdırma tələb edir. Şahid ifadələri, audio və video yazılar, eləcə də digər sübutlar əhəmiyyətli ola bilər”.

ekrem hesenov

Əkrəm Həsənov

Əkrəm Həsənov deyib ki, bu hadisədə suallar doğuran məqamlar var:

“Məsələn, qadının həmin yerə hansı şəraitdə daxil olması, üç nəfərin iştirakı ilə baş verən hadisənin detalları və onun həmin şəxslərdən necə qaçması araşdırılmalıdır. Mən demirəm ki, belə hadisə baş verə bilməz. Xarici təcrübədə də bu cür hallara rast gəlinir. Eyni zamanda, bəzi hallarda böhtan və şantaj ehtimalı da ola bilər. Buna görə də təqsirsizlik prezumpsiyasından çıxış etmək lazımdır. Konstitusion prinsipə əsasən, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməlidir. Əgər ciddi sübutlar yoxdursa, şəxsi yalnız bir ifadə əsasında zorlamağa və ya zorlamağa cəhdə görə təqsirli hesab etmək olmaz”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: