aygun report 1

QHT-lərə dövlət dəstəyi sistemi müasir çağırışlara uyğun olaraq daha çevik, şəffaf və nəticəyönümlü olmalıdır.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Gəncədə keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumundakı çıxışında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva deyib.

Onun sözlərinə görə, keçirilən forumun əsas məqsədi yalnız görülmüş işlərin hesabatını vermək deyil, həm də qarşıdakı dövrün çağırışlarını müəyyənləşdirmək, dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın yeni istiqamətlərini müzakirə etməkdir:

“Ötən Forumdan keçən dövrə nəzər saldıqda əminliklə deyə bilərik ki, Agentlik QHTlərlə birlikdə sektorun inkişafı, institusional potensialının gücləndirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə edib. Bu müddətdə 21 dövlət proqramı üzrə 113 tapşırığın icrasında 98.63 % göstərici əldə olunub.

Eyni zamanda, dövlət–özəl sektor–QHT əməkdaşlığının yeni və səmərəli nümunələri formalaşdırılıb. Qarabağ Dirçəliş Fondu və BP ilə həyata keçirilən əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Beynəlxalq əməkdaşlıq istiqamətində də mühüm addımlar atılıb. Qlobal Cənub QHT Platformasının yaradılması, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri arasında əməkdaşlıq platformasının inkişafı bu fəaliyyətin mühüm nəticələrindəndir.

Dünya Şəhərsalma Forumunun – WUF13 çərçivəsində QHT-lərin fəal iştirakı təmin edilib, pavilyonda 5 gün ərzində 61 tədbir təşkil olunub və WUF tarixində ilk dəfə 100 dən çox ölkədən 800-ə yaxın nümayəndənin iştirakı ilə QHT Forumunun keçirilib”.

A.Əliyeva Prezidentin müvafiq Fərmanı ilə QHT-lərin dövlət maliyyələşməsində “bir pəncərə” sisteminin tətbiqini dövlətin vətəndaş cəmiyyətinə etimadının inistisional ifadəsi kimi qiymətləndirib.

Agentlik rəhbəri rəhbəri olduğu qurumun qarşıdakı mərhələdə fəaliyyətində dörd əsas istiqaməti rəhbər tutacağını bildirib:

“Birinci istiqamət – milli həmrəyliyin və vətəndaş məsuliyyətinin gücləndirilməsi, ikinci istiqamət – informasiya təhlükəsizliyi, rəqəmsal maarifləndirmə, sosial media, üçüncü istiqamət – ictimai diplomatiya və beynəlxalq təmsilçilik, dördüncü istiqamət isə Böyük Qayıdış prosesinə və işğaldan azad edilmiş ərazilərin inkişafına ictimai dəstəkdir”.

Paylaş: