İsraildə parçalanma pik həddə: Prezident hökumətə qarşı çıxdı

İsrail Prezidenti İshaq Hersoq hökuməti dərhal məhkəmə reformlarının qəbulunu dayandırmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Yerusəlim Post” qəzeti yayıb.

O, hökumətin bu addımı İsrail xalqının birliyi üçün atmalı olduğunu söyləyib.

Qeyd edək ki, İsraildə məhkəmə reformları ilə əlaqədar etirazlar pik səviyyəyə çatıb. Xüsusilə əhalinin sol kəsimi reformların keçirilməsini kəskin tənqid edib. Etirazların artması Netanyahu hökumətində də parçalanmanı gücləndirib. Belə ki, müdafiə naziri Yoav Qalant reformların dayandırılmayacağı istefaya gedəcəyini açıqlamasından 1 sutka sonra istefaya göndərilib. Bu isə etirazçıları bir qədər də qəzəbləndirib. Qalantın addımına bənzər addımı digər hərbçilər, eləcə də rezervistlər də atıblar.

İsraildə təklif olunan məhkəmə reformlarına əsasən, Ali Məhkəmənin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq, eləcə də hakimlərin təyinatı üzərində nəzarət hakimiyyətə təhvil veriləcək.

İlkin Həsənov
Globalinfo.az