İrəvandan təklif: Bakı ilə bu prosesi sürətləndirməyə hazırıq…

Ermənistan Azərbaycanla iki ölkə arasında 2022-ci ildə Praqada imzalanmış yazılı razılaşmalar əsasında sərhədlərin delimitasiyası prosesini sürətləndirməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın bəyanatında deyilir.

“Oktyabrın altısında Praqada Azərbaycan və Ermənistan yazılı şəkildə razılığa gəliblər ki, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bu Bəyannaməni delimitasiya prosesinin siyasi əsası kimi qəbul edir. Biz bu saziş əsasında Azərbaycanla sərhədlərin delimitasiyası prosesini sürətləndirməyə hazır olduğumuzu təsdiq edirk”, – o qeyd edib.

Qeyd edək ki, Azərbaycan XİN 1991-ci ilin sərhədləri və Almatı Bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsinin lazım olduğunu bildirmişdi.