CNN ABŞ və İran arasında qarşılıqlı hücumların həyata keçirilməsinə baxmayaraq, iki ölkənin danışıqları davam etdirdiyini yazıb.
Bundan əvvəl ABŞ İran hədəflərini vurub, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da bu hücumlara kəskin cavab verib. Həmçinin ABŞ Prezidenti Donald Tramp əvvəlcə İranla qarşıdurma istəmədiyini söyləyib, sonra hər an əməliyyat tapşırığı verə biləcəyini qeyd edib, paralel olaraq isə bu qarşıdurmanın danışıqlara təsir etməyəcəyinə ümid bəslədiyini bildirib.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ ilə İran arasında son hərbi gərginlik Vaşinqtonun Tehrana təzyiq göstərərək onu danışıqlarda daha çevik mövqe tutmağa məcbur etmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər:
“Mövcud vəziyyət göstərir ki, ABŞ uzunmüddətli və nəticəsiz danışıqlarda maraqlı deyil. Vaşinqton İranın nüvə proqramı və regional siyasəti ilə bağlı daha konkret öhdəliklər götürməsini istəyir. Tehran isə danışıqlar masasına zəif tərəf kimi deyil, müəyyən üstünlüklər əldə etmiş aktor kimi əyləşməyə çalışır. Bu yanaşma tərəflər arasında fikir ayrılıqlarını daha da dərinləşdirir.

Məhəmməd Əsədullazadə
Bu səbəbdən ABŞ-ın gələcəkdə İrana qarşı əlavə hərbi və ya iqtisadi təzyiq vasitələrindən istifadə etməsi ehtimalı istisna edilmir. Belə addımlar İranın hərbi infrastrukturuna və iqtisadi imkanlarına mənfi təsir göstərə bilər. Eyni zamanda, artan təzyiqlər tərəfləri müəyyən mərhələdə kompromis axtarışına da sövq edə bilər.
İran üçün ən əlverişli variantlardan biri danışıqlarda daha çevik mövqe nümayiş etdirərək qarşılıqlı məqbul razılaşmaya nail olmaqdır. Əks halda, gərginliyin artması həm regional təhlükəsizliyə, həm də İranın daxili iqtisadi vəziyyətinə əlavə risklər yaradacaq”.
Turan Rzayev
Globalinfo.az