Təşviş: İkinci Yom Kippur müharibəsi başlayır? – İranın hədəfi

İsrail tanklarının Rəfahın mərkəzinə daxil olması regionda gərginliyi yenidən artırıb. Belə ki, Misirlə sərhəddə bu ölkənin hərbçiləri ilə İsrail ordusu arasında silahlı toqquşmanın baş verdiyi deyilir. İsraillə Ərəb ölkələri, xüsusən Misir arasında daha əvvəl silahlı münaqişələr olduğu üçün (məsələn, 1973-cü il Yom Kippur müharibəsi) bu dəfə də münaqişənin miqyasının böyüyəcəyi, bunda isə İranın maraqlı olduğu deyilir.

Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə qeyd edib ki, Yaxın Şərqdə siyasi proseslər daha da gərginləşib:

“Misirlə İsrail arasında insident Yaxın Şərqə yaxşı heç nə vəd etmir. HƏMAS Misirdə terror qruplaşması kimi qadağan edilmiş Müsəlman Qardaşlar təşkilatının qoludur. Bununla belə, Misir HƏMAS-la kanalları açıq saxlayır. Rəsmi Qahirə atəşkəsə nail olmaq, habelə Qəzzada HƏMAS tərəfindən saxlanılan israilli girovları azad etmək üçün İsraillə qrup arasında dolayı danışıqlarda vasitəçi rolunu oynayır”.

Ekspert deyib ki, İsrail ilə ilk sülh müqaviləsi bağlayan dövlət Misirdir:

“Misir və İsrail arasında nadir hallarda belə insidentlər yaşanır. Misir hazırda İsrailə qarşı ola bilərmi? Düşünürəm ki, bu o halda baş verər ki, Misirə böyük dövlətlərdən silah və siyasi yardım edilsin. İsrailə hazırda ikinci cəbhənin açılması sərf etmir. Həm də daxildə hökumətə qarşı aksiyalar olur.

Yaxın Şərqdə ABŞ-dan başqa Çinin və Rusiyanın da maraqları var. Başqa məqam budur ki, Misirin HƏMAS-la arası yaxşı deyil. Hazırda Misir regionda jandarm rolunda çıxış edəcək səviyyədə bir ölkə deyil. Ancaq buna baxmayaraq, əgər böyük dövlətlər tərəfindən yardım alarsa, müxtəlif insidentlər baş verə bilər. İsrail isə müharibəni davam etdirir. HƏMAS-ı tam məğlub etmək isə həm zaman, həm də böyük qüvvə tələb edir. HƏMAS-dan başqa Hizbullah da İsrail üçün təhdidlər yaradır. Düşünürəm ki, İsrailin Hizbullahla bağlı planları var”.

Turan Rzayev
Globalinfo.az