İsrail ordusu “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahın və qızının, həmçinin qruplaşmanın cənub qanadını komandanı Ali Karkinin öldürüldüyünü açıqlayıb.
Məlumata görə, Həsən Nəsrullahla sonuncu dəfə sentyabrın 28-də əlaqə saxlamaq mümkün olub. Lakin İsrailin Beyruta aviazərbələrindən sonra o, bir daha tərəfdarları ilə bağlantı qurmayıb.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İsrail tərəfi “Hizbullaha” qarşı hərtərəfli müharibə aparır:
“Yəni təkcə cəbhədə müharibə getmir, həm də psixoloji mübarizə aparılır. Bu mənada “Həsən Nəsrullah öldürülüb” kimi iddiaların olması təbiidir.
Qruplaşmanın lideri öldürülməsə belə, bu kimi xəbərlərin yayaılması onu deməyə əsas verir ki, İsrail Nəsrullahı axtarır və onu zərərsizləşdirməkdə qərarlıdır. Belə bir şayiə yayaraq “Hizbullah” və onun tərəfdarları arasında çaxnaşmanın olması da planlaşdırıla bilər. Nəticədə Həsən Nəsrullah gec-tez ortaya çıxmalı olacaq. Bu zaman isə İsrail onu həqiqətən öldürəcək.
Bütün hallarda “Hizbullah”ın lideri bəsit bir şəxs deyil və onu öldürmək də elə asan görünmür. Ola bilsin ki, Nəsrullah bütün bu variantları öncədən hesablayıb”.
Qeyd edək ki, İran tərəfi Həsən Nəsrullahın ölümünə görə cavab tədbirləri hazırladığını açıqlayıb. Bundan sonra ölkənin ali dini lideri Ayətullah Xameneinin təhlükəsizlik tədbirlərinin gücləndirildiyi və onun başqa yerə köçürüldüyünə dair məlumatlar yayılıb.
Turan Rzayev
Globalinfo.az