İran Pakistana ballistik raket atdı – İki uşaq öldü / YENİLƏNİB

İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə zərbəsi nəticəsində iki uşaq ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

XİN-in bəyanatında qeyd olunur ki, İranın raket hücumunu qətiyyətlə pisləyirik, suverenliyin pozulması ciddi nəticələrə səbəb ola bilər.

***

İran silahlı qüvvələri “Ceyş əz-Zolm” terror qruplaşmasının Pakistanda yerləşən iki qərargahına dron və ballistik raketlə hücum edib.

Globalinfo.az xəbər verir ki, Pakistan ərazisinə zərbə bu ölkənin hakimiyyət orqanları ilə razılaşdırılaraq birgə əməliyyat çərçivəsində həyata keçirilib.

Bildirilib ki, zərbələr nəticəsində “Ceyş ül-Ədl” (“Ədalət ordusu”: İran mediası bu hərəkatı gözdan salmaq üçün onun adını “Ceyş ül-Zülm” (Zalımlar ordusu) kimi yazır – red.) qruplaşmasının iki qərargahı məhv edilib.

“Hücumun hədəfləri Pakistanın Bəlucistan əyalətinin Ko Sabz rayonunda olub. Burada terrorçuların iki ən böyük qərargahı yerləşib. Onlar raketlər və pilotsuz təyyarələr tərəfindən uğurla məhv edilib”, – məlumatda deyilir.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilmir.

Xatırladaq ki, yanvarın 10-na keçən gecə “Ceyş əl-Zolm” terrorçuları İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum ediblər və nəticədə bir polis əməkdaşı həlak olub. Qrup əvvəllər də İran-Pakistan sərhədində törədilən terror aktlarına, eləcə də İran sərhəd xidmətinin əməkdaşlarına hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.