
İran–İsrail qarşıdurması artıq ənənəvi beynəlxalq hüquq kateqoriyaları ilə izah edilə biləcək klassik dövlətlərarası münaqişədən daha mürəkkəb fenomenə çevrilib. Bu qarşıdurma həm asimmetrik güc tətbiqi, həm də beynəlxalq hüququn normativ çərçivələrinin siyasi məqsədlərlə manipulyasiyasını əhatə edən yeni bir təhlükə mühiti formalaşdırıb.
Beynəlxalq hüquq bu münaqişəni mövcud hüquqi prinsiplər daxilində tənzimləməyə qadirdirmi, yoxsa yeni hüquqi normaların formalaşdırılmasına ehtiyac yaranır? Hazırkı reallıqda beynəlxalq hüquq ilə geosiyasi güc arasındakı qeyri-bərabərlik daha kəskin şəkildə özünü göstərməkdədir.
İran və İsrail arasında davam edən gərginlik artıq onillikləri əhatə etsə də, 2020-ci illərdə bu münasibətlər xüsusilə təhlükəli mərhələyə daxil olmuşdur. İsrailin Suriya və Livan ərazilərində İran hədəflərinə qarşı həyata keçirdiyi hava hücumları, İranın nüvə proqramı və regionda dəstəklədiyi silahlı qrupların fəaliyyəti beynəlxalq hüququn tətbiqi baxımından ciddi hüquqi və etik problemlər doğurur.
BMT Nizamnaməsinin 2(4)-cü maddəsinə əsasən, dövlətlər beynəlxalq münasibətlərdə başqa dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiqindən çəkinməlidirlər. Bu norma universal xarakter daşıyır, İsrail və İran üçün də məcburidir. Hər iki tərəfin silahlı fəaliyyətləri bu normaya münasibətdə qiymətləndirilməlidir.
İsrailin hücumları və özünümüdafiə hüququ
İsrailin Suriya və Livanda İran qüvvələrinə qarşı həyata keçirdiyi hava zərbələri beynəlxalq hüquq baxımından digər dövlətin suverenliyinə müdaxilə hesab oluna bilər. İsrail bu hücumları BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan fərdi və ya kollektiv özünümüdafiə hüququna istinadən əsaslandırmağa çalışır. Lakin beynəlxalq hüquqda anticipatory self-defence (gözlənilən hücuma qarşı qabaqlayıcı müdafiə) konsepsiyası hələ də konsensus doğurmamış, məhdud şəkildə tanınan normadır.
İranın proksi strategiyası və dövlətin məsuliyyəti
İranın regional strategiyasında silahlı proksi qrupların – “Hizbullah”, HƏMAS, Husi, Haşdi Şabi kimi qüvvələrin – dəstəklənməsi mühüm yer tutur. Bu qurumların İsrailə qarşı zorakılıq fəaliyyətləri həyata keçirməsi halında, onların hərəkətlərinin hüquqi məsuliyyəti İranın üzərinə düşə bilər – əgər dövlətin həmin qruplar üzərində effektiv nəzarəti sübuta yetirilərsə.
Bu məsələyə dair Beynəlxalq Ədalət Məhkəməsinin 1986-cı il tarixli “Nikaraqua v. ABŞ” işi hüquqi presedent kimi istinad olunur. Həmin işdə məhkəmə qərara gəldi ki, əgər bir dövlət silahlı qüvvələri maliyyələşdirir, silahlandırır və əməliyyatlarını yönləndirirsə, bu halda onların fəaliyyətləri həmin dövlətin məsuliyyəti daxilində qiymətləndirilə bilər.
Normativ böhran və selektiv hüquq tətbiqi
İran–İsrail qarşıdurması eyni zamanda beynəlxalq hüququn selektiv tətbiqindən və beynəlxalq təşkilatların qeyri-effektivliyindən qaynaqlanan normativ böhranı da əks etdirir. BMT Təhlükəsizlik Şurasının münaqişəyə sistematik və obyektiv reaksiya verə bilməməsi, onun 2(4) və 51-ci maddələrinin yalnız siyasi iradəyə əsasən tətbiq edildiyini göstərir. Nəticədə hüquq normativ mahiyyətini itirir, yerini isə faktlara əsaslanan yeni “lex specialis geopolitica” modeli tutur.
Nüvə proqramı və Təhlükəsizlik paradiqması
İsrailin İranın nüvə proqramına yanaşması daha çox təhlükəsizlik çərçivəsindən izah edilir. İsrail iddia edir ki, İranın nüvə proqramı mülki deyil, silahlı məqsədlərə yönəlib və bu, regionda qüvvə balansını dəyişdirə, İranı strateji üstünlüyə çıxara və İsrailin mövcudluğuna birbaşa təhlükə yarada bilər.
İsrail bu kontekstdə aşağıdakı addımları atmaqdadır:
beynəlxalq ictimaiyyəti İranın nüvə proqramına qarşı sanksiyalara cəlb etmək;
İranın nüvə obyektlərinə qarşı kəşfiyyat və sabotaj əməliyyatları;
Zərurət yaranarsa, hərbi zərbələrin istisna olunmadığını bəyan etmək.
İran isə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə üzv olduğunu və nüvə proqramının dinc məqsədlərlə həyata keçirildiyini bildirir. İsrailin bu müqaviləyə qoşulmaması isə beynəlxalq müstəvidə “ikili standartlar” müzakirəsini daha da gücləndirir.
Eskalasiya riskləri və potensial hüquqi nəticələr
Münaqişənin regional səviyyədən kənara çıxması, xüsusilə ABŞ və Rusiya kimi nüfuzlu dövlətlərin birbaşa müdaxiləsinə səbəb ola bilər. Bu isə beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid hesab edilə bilər və BMT tərəfindən kollektiv təhlükəsizlik tədbirləri üçün əsas yarada bilər.
Əgər hər iki tərəf beynəlxalq hüquqa zidd olaraq müharibəyə başlarsa, bu təcavüzkar müharibə kimi dəyərləndirilə və aşağıdakı hüquqi nəticələrə səbəb ola bilər:
beynəlxalq sanksiyalar və diplomatik təcrid;
Müharibə cinayətləri üzrə məsuliyyətin Beynəlxalq Cinayət Məhkəməsi və ya xüsusi tribunallar tərəfindən araşdırılması;
Diplomatik münasibətlərin kəsilməsi və beynəlxalq hüquqi mexanizmlərin tətbiqi.
Nəticə
İran-İsrail münaqişəsi yalnız geosiyasi deyil, həm də dərin hüquqi problematikaya malikdir. Bu münaqişə çərçivəsində beynəlxalq hüququn prinsipləri ya selektiv tətbiq olunur, ya da siyasi güc qarşısında təsirsiz qalır. Normativ böhran şəraitində beynəlxalq hüququn funksionallığı sual altına düşür. Belə vəziyyət beynəlxalq hüququn yenidən düşünülməsi və regional silahlı qarşıdurmalar üçün daha çevik, hüquqa əsaslanan mexanizmlərin hazırlanmasını zəruri edir.
Əlövsət Allahverdiyev
hüquq üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi