sokuntu kompensasiya

Bakıda köhnə yaşayış binalarının sökülməsi və onların yerində yeni binaların tikilməsi prosesi davam edir. Sakinlər bildirirlər ki, sonradan həmin mənzillər yüksək qiymətə satılsa da, onlara təklif olunan kompensasiya məbləği kifayət etmir. Bu isə narazılıqlara səbəb olur.

Yeni evlər baha qiymətə satıldığı halda, evləri sökülən vətəndaşlara niyə az pul ödənilir? Ümumiyyətlə, ev sahibinin razılığı olmadan tikinti şirkətləri onların evlərini sökə bilərmi?

Globalinfo.az-a danışan əmlak eksperti Anar Nəsirov bildirib ki, 2018-ci ildən etibarən Bakı şəhərinin Baş Planına uyğun olaraq pilot layihələr çərçivəsində köhnəlmiş, istismar müddətini başa vurmuş və şəhərsalma tələblərinə cavab verməyən yaşayış binalarının sökülməsi prosesi həyata keçirilir:

“Bu ərazilərdə müasir standartlara cavab verən yeni yaşayış binaları inşa olunur. Proses əsasən dörd mərhələdən ibarətdir.

Birinci mərhələdə tikinti şirkəti ilə əmlak sahibi arasında danışıqlar aparılır. Tərəflər söküləcək əmlakın şərtləri, kompensasiya forması və ya yeni mənzilin verilməsi ilə bağlı qarşılıqlı razılığa gəlirlər.

İkinci mərhələdə sökülən mənzilin əvəzində yeni tikiləcək binadan veriləcək mənzilin sahəsi və digər şərtlər müəyyənləşdirilir. Bu mərhələdə də tərəflər arasında razılıq əldə olunmalıdır.

Üçüncü mərhələdə tikinti müddəti ərzində əmlak sahibi kirayə mənzillə təmin edilir. Adətən kirayə haqqı tikinti şirkəti tərəfindən ödənilir və bina istifadəyə verilənədək bu öhdəlik davam edir. Kirayə mənzil seçilərkən ailənin tərkibi və əvvəlki mənzilin şəraiti nəzərə alınır.

Dördüncü mərhələdə isə yeni mənzil sahibinə təhvil verilir. Mənzil təmirli və ya tərəflərin razılığı əsasında təmirsiz təqdim oluna bilər. Əgər mənzil təmirsiz verilərsə, bəzi hallarda tərəflər təmir xərcləri ilə bağlı ayrıca razılıq əldə edirlər”.

Ekspert vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə əsasən, əmlak sahibinin razılığı olmadan heç bir yaşayış sahəsi sökülə bilməz:

“Əmlak toxunulmazdır və hər hansı tikinti şirkətinin vətəndaşın xəbəri və razılığı olmadan onun əmlakını sökmək hüququ yoxdur. Pilot layihələr zamanı əksər hallarda pul şəklində kompensasiya deyil, sökülən mənzilin əvəzində yeni tikilmiş binadan daha geniş sahəyə malik mənzil təklif olunur. Bu da bir çox hallarda vətəndaş üçün daha sərfəli hesab edilir. Çünki yeni tikililərdə mənzillərin bazar dəyəri daha yüksək olur”.

A.Nəsirov qeyd edib ki, əgər vətəndaş yeni mənzil əvəzinə pul kompensasiyası tələb edirsə, həmin kompensasiya bazar qiymətinə uyğun hesablanmalıdır:

“Burada həm vətəndaşın, həm də tikinti şirkətinin maraqları nəzərə alınmalı, vicdanlı davranış prinsipi qorunmalıdır. Nə vətəndaş əmlakını real dəyərindən aşağı qiymətləndirməyə məcbur edilməli, nə də bazar dəyərindən dəfələrlə artıq məbləğ tələb olunmalıdır. Əgər əmlak vətəndaşın razılığı və xəbəri olmadan sökülübsə, həmin şəxs məhkəməyə müraciət edə, ekspertiza təyin etdirə və bazar dəyərinə uyğun kompensasiya tələb edə bilər. Lakin vətəndaş əvvəlcədən hər hansı müqaviləyə imza atıb, razılığını rəsmiləşdiribsə və bu razılıq könüllü şəkildə verilibsə, sonradan həmin razılaşmanın ləğvi və ya məhkəmə qaydasında dəyişdirilməsi daha çətin olur”.

anar nesirov

Anar Nəsirov

Ekspert əlavə edib ki, mənzilin sökülməsi məsələsində əsas şərt əmlak sahibinin razılığıdır:

“Onun razılığı və məlumatı olmadan hər hansı yaşayış sahəsinin sökülməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz.

Burada bir məqama da diqqət yetirmək lazımdır. Bəzi sakinlər hesab edirlər ki, yeni tikilən mənzillərin satış qiyməti həddindən artıq yüksəkdir. Lakin nəzərə almaq lazımdır ki, tikinti şirkətləri yalnız binanın inşasını həyata keçirmirlər. Bununla yanaşı, köhnə tikililərin sökülməsi, sakinlərin köçürülməsi, kirayə haqlarının ödənilməsi, torpaq və tikinti işləri, kommunikasiya xətlərinin çəkilməsi və digər çoxsaylı xərclər də şirkətin üzərinə düşür. Təbii ki, bütün bunlar layihənin maya dəyərinə təsir göstərir. Bu baxımdan, əgər vətəndaş hesab edirsə ki, ona təklif olunan pul kompensasiyası gələcəkdə həmin ərazidə mənzil almaq üçün kifayət etməyəcək, daha məqsədəuyğun variant kimi yeni tikilən binadan mənzil əldə etməyi nəzərdən keçirə bilər. Xüsusilə də əlavə kvadratmetr təqdim olunduğu hallarda bu seçim vətəndaş üçün daha sərfəli ola bilər”.

Ekspertin fikrincə, bir çox hallarda pul kompensasiyası almaqdansa, yeni tikilən binadan mənzil götürmək daha məqsədəuyğundur:

“Çünki bina istifadəyə verildikdən sonra həmin mənzilin bazar dəyəri adətən daha yüksək olur. Vətəndaş istədiyi təqdirdə sonradan həmin mənzili sata və ya icarəyə verərək əlavə gəlir əldə edə bilər. Təbii ki, son qərar hər bir əmlak sahibinin seçimidir. Əsas məsələ tərəflər arasında qarşılıqlı razılığın olması və vətəndaşın hüquqlarının tam şəkildə təmin edilməsidir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: