Dünya əhalisini sayı bu tarixdən etibarən azalacaq – İlginc proqnoz

ABŞ-ın Siyahıyaalma Bürosunun yaydığı məlumata görə, dünya əhalisinin sayı 8 milyardı ötüb. Yer kürəsində insan sayının artmasının böyük problemlərə səbəb olacağı deyilir. Xüsusən dünyada ərzaq və su ehtiyatının insanlara kifayət etməyəcəyi, qlobal istiləşmənin böhranı dərinləşdirəcəyi iddia edilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan  “Sağlam həyata doğru” İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov insan artımının dünyada fəlakətlərə səbəb olması fikri ilə razı olmadığını bildirib.

Onun sözlərinə görə, fəlakətlərin əsas səbəbi müharibələr və onların yaratdığı problemlərdir:

“Yer kürəsinin ehtiyatlarından səmərəli istifadə etsək, Avropada, Şimali Amerikada, eləcə də Yaponiya, Koreya kimi ölkələrdə ətraf mühitə olan münasibəti bütün dünyada sərgiləyə, inkişafı və istehsalı tənzimləyə bilsək, əhalinin sayı hətta 20-30 milyarda da çata bilər. Planetimiz öz resursları ilə bəşəriyyəti uzun müddət təmin edə biləcək. Müasir dövrdə baş verən müharibələr ətraf aləmə ciddi ziyan vurur: meşələr məhv edilir, torpaqlar yararsız hala düşür, atmosfer çirklənir”.

R.Abbasov deyib ki, qlobal iqtisadiyyatda silah satışı digər məhsulların satışı ilə müqayisədə daha çoxdur:

“Eyni zamanda transformativ dəyişmələr baş verir. Transmilli korporasiyalar getdikcə daha çox ərzaq, geyim və digər məhsulların istehsalına nəzarət edirlər. Onlar da qeyri-sağlam qidaları istehsal edir, təbii resursların tükənməsinə və vəhşicəsinə istismarına səbəb olurlar.

İnsan artımına gəlincə, bunu hələlik təhlükə hesab etmək olmaz. Təhlükə daha çox miqrasiya proseslərindədir. Afrika, Asiya, keçmiş sovet ölkələrində insanlar öz daimi yaşayış yerlərini tərk edib Avropa və Şimali Amerikaya – harada ki ətraf mühitə düzgün münasibət var – üz tuturlar. Bunun səbəbi ondan ibarətdir ki, insanlar öz yerlərində yaxşı yaşayış yeri tapa bilmirlər. Onlar müharibənin, ətraf mühitə ögey münasibətin və digər yarıtmaz halların qurbanı olurlar və vətənlərini tərk edirlər. Yəni xoşbəxtliklərini öz ölkələrində tapa bilmirlər.

Məlumata görə, 2050-ci ildən etibarən insan artımı tədricən dayanacaq. Bunu heç də təhlükəli amil hesab etmək olmaz. İnsan artımı tədricən öz-özünə tənzimlənəcək”.

Zaira Akifqızı
Globalinfo.az