İndoneziyanın şərqində baş verən 7,7 maqnitudalı zəlzələ və çoxsaylı afterşoklar nəticəsində azı 47 nəfər həyatını itirib.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (BNPB) məlumat yayıb.
Zəlzələnin episentrinə ən yaxın bölgə olan Naqekeo ərazisinə xilasedicilər hələ də çata bilməyib. Sürüşmələr yolları bağlayıb, rabitədə də problemlər yaranıb.
Xatırladaq ki, zəlzələ səhər saatlarında baş verib. Bundan sonra İndoneziyanın bir neçə bölgəsində hündürlüyü 1 metrdən az olan sunami dalğaları qeydə alınıb. Hakimiyyət orqanları təxminən üç saat sonra sunami xəbərdarlığını ləğv edib.
Şərqi İndoneziyanın Flores adasındakı Maumere şəhərində xilasedicilər 20 nəfərin meyitini aşkarlayıb, 6 yaralını xilas edib, iki nəfərin isə dağıntılar altında qaldığı bildirilib.
BNPB-nin məlumatına görə, Naqekeoda təxminən 2 min sakin təxliyə edilib. Ərazidə evlərə, anbarlara və dövlət binalarına ziyan dəyib. Bir sıra yaşayış məntəqələrində elektrik enerjisi kəsilib və yollarda tıxac yaranıb.
Aysel Əliyeva
Globalinfo.az
***16:26
İndoneziyanın Sumatra adasından şimalda 6,8 maqnitudalı növbəti zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Alman Geoelmlər Araşdırma Mərkəzi (GFZ) məlumat yayıb.
Zəlzələnin ocağı 163 km dərinlikdə yerləşib.
Zəlzələ avqustun 15-i səhər saatlarında İndoneziya sahillərində qeydə alınmış 7,7 maqnitudalı güclü yeraltı təkanlardan sonra baş verib.
***13:34
İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə çatıb.
Globalinfo.az bildirir ki, bu barədə “BBC“ yerli rəsmi qurumlara istinadən xəbər yayıb.
***10:14
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Globalinfo.az bildirir ki, bu barədə xilasetmə xidmətlərindən məlumat verilib.
Bundan başqa, altı nəfərin xəsarət aldığı və iki nəfərin dağıntılar altında qaldığı bildirilir.
***09:24
İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.
Globalinfo.az “Report”a istinadən bildirir ki, bu barədə Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru bildirib. O, ölənlərin uçmuş binaların dağıntıları altında qaldığını bildirib.
Adada yaşayış və dövlət binaları, eləcə də digər infrastruktur obyektləri zədələnib.
Qeyd edək ki, İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ baş verib.
İlkin təkandan sonra çoxsaylı afterşoklar qeydə alınıb.