Azərbaycanda məktəb qiymətləri ilə imtahan nəticələri arasındakı fərqlər yenidən gündəmə gəlib. Dövlət İmtahan Mərkəzi (DİM) sədri Məleykə Abbaszadə də bildirib ki, məktəbdaxili qiymətləndirmə ilə mərkəzləşdirilmiş imtahan nəticələri hər zaman üst-üstə düşmür. O həmçinin riyazi biliklərin beynəlxalq standartlar əsasında qiymətləndiriləcəyini açıqlayıb.
Globalinfo.az-a danışan təhsil eksperti İlham Əhmədov deyib ki, Azərbaycan təhsil sistemində uzun illərdir müzakirə olunan, hələ də həllini tapmayan əsas problemlərdən biri məktəbdaxili qiymətləndirmə ilə mərkəzləşdirilmiş imtahan nəticələri arasındakı ciddi fərqlərdir:
“Məleykə Abbaszadənin riyaziyyat biliklərinin beynəlxalq standartlar əsasında qiymətləndiriləcəyi ilə bağlı açıqlaması bu müzakirələri yenidən gündəmə gətirib. Lakin burada əsas məsələ yalnız qiymətləndirmə metodunun dəyişməsi deyil. Görəsən əsas problem qiymətləndirmə alətlərindədir, yoxsa bütövlükdə təhsil sistemində? Əgər məktəbdə yüksək qiymət alan şagird mərkəzləşdirilmiş imtahanda zəif nəticə göstərirsə, bu, ilk baxışda fərdi problem kimi görünə bilər. Lakin eyni hal sistemli şəkildə minlərlə şagirddə müşahidə olunursa, artıq söhbət fərdlərdən deyil, struktur böhrandan gedir”.
İ.Əhmədov bildirib ki, məktəb qiyməti ilə imtahan nəticəsi arasındakı fərqlər təsadüfi deyil və bunun bir neçə ciddi səbəbi var:
“1. Qiymətləndirmə fəlsəfəsindəki fərqlər. Məktəbdaxili qiymətləndirmə çox zaman şagirdin dərsdə aktivliyini, davranışını, ev tapşırıqlarını və müəllimin subyektiv müşahidələrini nəzərə alır. Mərkəzləşdirilmiş imtahan isə standartlaşdırılmış ölçmə mexanizmidir və hər kəs üçün eyni meyar tətbiq edir. Yəni biri daha çox pedaqoji qiymətləndirmə, digəri isə psixometrik ölçmə vasitəsidir.
- Qiymət inflyasiyası. Azərbaycan məktəblərində illərdir müşahidə olunan reallıq budur ki, şagirdin real akademik göstəricisi ilə ona verilən qiymət arasında ciddi fərq var. Müxtəlif sosial və institusional səbəblərdən müəllimlər bəzən yüksək qiymət verməyə meylli olurlar. Nəticədə məktəb qiymətləri şagirdin real bilik səviyyəsini deyil, daha çox formal akademik göstəricini əks etdirir.
- Kurikulumla qiymətləndirmə sistemi arasında əlaqənin zəifliyi. Şagird məktəbdə bir formada öyrənir, imtahanda isə fərqli bacarıqlarla qarşılaşır. Bu zaman şagird yalnız bilik çatışmazlığı deyil, həm də qiymətləndirmə məntiqi ilə bağlı problem yaşayır.
Məhz bu kontekstdə riyaziyyatın beynəlxalq standartlar əsasında qiymətləndirilməsi məsələsinə baxmaq lazımdır”.
İlham Əhmədov
Ekspertin sözlərinə görə, prinsip etibarilə beynəlxalq standartlara keçid müsbət addım hesab edilə bilər:
“Çünki müasir beynəlxalq qiymətləndirmə sistemləri, məsələn, tətbiqi düşünmə, problem həlli, məntiqi analiz və real situasiyalarda bilikdən istifadə bacarıqları sadəcə düstur əzbərlənməsini deyil, funksional savadlılığı ölçür. Digər risk də qiymətləndirmənin dəyişməsidir, bu hələ tədrisin dəyişməsi deyil. Əgər illərlə əzbərçilik üzərində qurulmuş tədris modeli saxlanılacaqsa, müəllim hazırlığı əvvəlki vəziyyətdə qalacaqsa və məktəblərin resurs imkanlarında ciddi fərqlər davam edəcəksə, beynəlxalq standartların tətbiqi sadəcə yeni ölçü alətinin köhnə sistemə yerləşdirilməsi olacaq. Yəni köhnə mühərriklə yeni sürət göstəricisi quraşdırmaq avtomobili sürətləndirmir”.
İlham Əhmədov deyib ki, beynəlxalq qiymətləndirmənin uğuru üçün ən azı dörd istiqamətdə paralel dəyişiklik tələb olunur:
“– müəllim hazırlığının yenilənməsi;
– kurikulumun məzmununun yenidən qurulması;
– məktəbdaxili qiymətləndirmə meyarlarının standartlaşdırılması;
– imtahan və tədris fəlsəfəsinin uyğunlaşdırılması.
Əks halda yeni sistem yeni problemlər yaradacaq. Qısamüddətli perspektivdə daha ağır nəticələr də yarana bilər. Məktəb qiymətləri ilə imtahan nəticələri arasındakı fərq daha da böyüyə bilər. Valideynlər məktəbə olan etimadını daha çox itirə bilər. Kölgə təhsili – repetitorluq bazarı genişlənə bilər. Məktəblər isə əsas funksiyasından- öyrətmə prosesindən uzaqlaşaraq yalnız imtahana hazırlıq mərkəzinə çevrilə bilər. Əslində Məleykə Abbaszadənin səsləndirdiyi fikirlər problemi yaratmır, problemi görünən edir. Problem illərdir mövcuddur. Sadəcə onun miqyası indi daha açıq görünür. Azərbaycan təhsilinin əsas problemi hansı standartın tətbiq olunması deyil, əsas problem müxtəlif hissələri bir-biri ilə uyğun işləməyən sistemin mövcudluğudur. Məktəb başqa məqsədlə işləyir, imtahan başqa nəticəni ölçür, universitet başqa tələblər qoyur, əmək bazarı isə tamam fərqli bacarıqlar tələb edir. Belə bir şəraitdə yeni qiymətləndirmə mexanizmləri yalnız simptomları göstərə bilər. Xəstəliyin özünü isə müalicə etmir. Təhsildə əsas məsələ şagirdə neçə bal vermək deyil. Əsas məsələ həmin balın həqiqətən nəyi ölçdüyünü müəyyən etməkdir”.
Zaira Akifqızı
Globalinfo.az