İncəsənətin Ramizi, siyasətin Zeynəbi – biri taleyi ilə barışıb, o biri dirəşib

Bu il də əvvəlkilərdən fərqlənmədi. 31 dekabrın son dəqiqələrini onunla başa vurduq. Başa vurduq deyəndə, ənənəvi olaraq ilsonu AzTV-də yayımlanan bayram konserti Zeynəb Xanlarovanın şousu ilə yekunlaşdı.

Bu, yeni mərhələnin başlayacağı ilə bağlı müzakirələrin getdiyi dövrə təsadüf etdi. 2024-cü ildə yeni mərhələyə start veriləcəyinə əksəriyyət inanır. Ən təftişçi, inanmaq problemi olan şəxslər belə əmindirlər ki, nələrsə dəyişə bilər.

Globalinfo.az xatırladır ki, 2018-ci ildən bəri xeyli dəyişikliklər oldu. Kadrlar yeniləndi, köhnələr idarəçilikdən uzaqlaşdırıldı. Korrupsiya bataqlığı yaradan xeyli yüksək vəzifəli məmurlarla vidalaşıldı. Onların yerini gənclər tutdu.

Burda ən ciddi amil Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin idarəçilikdən uzaqlaşdırılması oldu. Bu adam ölkənin inkişafının qarşısında çiləkən idi. Bütün işıqlı ideyaları, potensiallı kadrları məhv etmək üçün əldən-ayaqdan gedirdi. Prezident İlham Əliyev onu çox böyük hörmətlə yola saldı.

O, PA-dan dərhal AMEA keçdi. Elm ocağımıza prezident seçildi. Orda da dinc dayanmırdı. İdarəçiliyə müdaxilələr edirdi. Nazirləri yığırdı, müşavirə keçirirdi. Tapşırıqlar verirdi. “Əliqulu Balaoğlanoviç” sayağı davranırdı: Əlini telefon aparatından ayırmaq istəmirdi.

İş o yerə çatdı ki, dövlət ona “Dur!” deməyə məcbur oldu. Yerini göstərdi. Həngamə də burdan başladı. Onu AMEA-dan zorla, az qalsın sürüyərək bayıra atdılar. Ona qalmış olsa idi hələ də PA-da müdir idi. Ən pis halda Elmlər Akademiyasında at oynadırdı. Amma hər aşiqin öz dövranı var. Gərək “aşıq” özü özünə hörmət qoysun. Yerini bilsin, zamanının keçdiyini anlasın.

Nə isə, uzun mübarizədən, mübahisədən sonra Mehdiyevin müqaviməti sındırıldı. Evinə yığışdı.

Mehdiyevdən canımızı qurtardıq, Xanlarovada ilişdik. Dünən axşamdan sosial şəbəkələrdə onun 31 dekabrda AzTV efirində oxumasına etiraz bildirilir. Kimdir onu efirə çağıran? Hansı qüvvədir 88 yaşına qədəm qoymuş bu qadını bayram efirinə çıxaran?

Heç kim! Özü! Əlaqələrindən, nüfuzundan sui-istifadə edir. Ora-bura zəng vurur, israrla tələb edir, dirəşir ki, 50 illik ənənə davam etsin. Yəni 31 dekabrda mütləq efiri bu bağlamalıdır. Dövlət rəsmiləri də yox deyə bilmirlər. Hamını abırdan salır. Mövzu ən yuxarılara kimi gedib çıxır. Axırda deyilir ki, işiniz yoxdur, qoy oxusun.

Zeynəb Xanlarova siyasətin Ramiz Mehdiyevidir. Eyni xarakter, eyni yanaşma, eyni eqo! “Mən varam, görünməliyəm, öndə olmalıyam” hikkəsi. Kimsə də başa sala bilmir ki, ayıbdır, etmə, eləmə. Kənara çəkil. İnsanları bezdirmə. 50 illik dövr qapansın. Yeni mərhələyə qədəm qoyaq.

Nə danışırsız? Bunu ona demək olar? Bu sözləri Z.Xanlarovaya deyənin dünyasını başına yıxar.

Səbrimizi basıb gözləməkdən başqa çarəmiz yoxdur.

Allah Zeynəb Xanlarovaya uzun ömürlər versin.

Tahir Turan
Globalinfo.az