Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının nəticələri ilə bağlı səslənən narazılıqlara münasibət bildirib.
Globalinfo.az-ın xəbərinə görə, o, Trend-ə müsahibəsində bildirib ki, imtahanların çətinliyi barədə fikirlər əsasən emosional xarakter daşıyır və statistik göstəricilər bunu təsdiqləmir.
“Demək olar, hər imtahandan sonra emosional reaksiyalar olur və “imtahan çətin idi” fikirləri səsləndirilir. Halbuki imtahan proqramları, dəyişikliklər və model testləri ən azı bir-iki il əvvəl ictimaiyyətə təqdim olunur”, – deyə o vurğulayıb.
DİM sədri qeyd edib ki, qurum tərəfindən hər il model testləri dərc edilir, ekspertlərlə müzakirələr aparılır və açıq qapı günləri təşkil olunur, lakin bu imkanlardan geniş istifadə olunmur.
Azərbaycan dili fənni üzrə nəticələrə toxunan Məleykə Abbaszadə əsas problemin şagirdlərin oxuyub-anlama bacarıqları ilə bağlı olduğunu bildirib:
“İndiki nəsil daha çox məlumatı sadəcə oxumağa öyrəşib. Ancaq mətni anlayaraq oxumaq tamam fərqli bacarıqdır. Məhz bu mərhələdə gənclər çətinlik çəkirlər”.
Onun sözlərinə görə, buraxılış imtahanlarında istifadə olunan mətn əsaslı tapşırıqlar yeni deyil və 2019-cu ildən tətbiq olunur. Bu tapşırıqların məqsədi şagirdlərin mətn üzərində düşünmək, nəticə çıxarmaq və fikrini ifadə etmək bacarıqlarını qiymətləndirməkdir.
Məleykə Abbaszadə hesab edir ki, şagirdlərin kitab oxuma vərdişlərinin zəifləməsi də nəticələrə təsir göstərir:
“Sual yaranır: on bir il məktəbdə oxuyan bir şagird dərsliklərdən başqa neçə kitab oxuyub? Onun oxuma və oxuyub-anlama sürəti hansı səviyyədədir?”
DİM sədri bildirib ki, imtahanların çətinlik dərəcəsi ayrı-ayrı şəxslərin fikirləri ilə deyil, statistik təhlil vasitələri ilə müəyyənləşdirilir.
“Həmin alətlər əsasında deyə bilərik ki, builki Azərbaycan dili üzrə buraxılış imtahanının nəticələri ilə ötən ilin nəticələri təxminən eyni səviyyədədir. Hər il statistik xəta çərçivəsində müəyyən dəyişikliklər olur, amma ciddi bir sıçrayış müşahidə etmirik. Bu il də vəziyyət eynidir”, – deyə o qeyd edib.
Məleykə Abbaszadənin sözlərinə görə, ikinci və üçüncü ixtisas qrupları üzrə nəticələr də ötən illə müqayisədə ciddi fərqlənmir. O, səslənən narazılıqların bir hissəsinin valideynlərin gözləntiləri ilə bağlı olduğunu bildirib:
“Valideynlərdə belə bir gözlənti yaranır ki, əgər uşaq keçən ilin suallarına asanlıqla cavab verirdisə, bu il də mütləq yüksək nəticə göstərməlidir, lakin bu gözləntilər hər zaman özünü doğrultmur”.