eli huseynli 1

Məlum olduğu kimi, iyunun 24-də ABŞ Senatında keçirilən mətbuat konfransında konqresmenlər Bred Şerman və Cim Kosta Azərbaycanda saxlanılan erməni məhbusların azad edilməsi ilə bağlı tələb irəli sürüblər. Onlar Azərbaycana qarşı müxtəlif məhdudiyyətlərin tətbiqini müdafiə edən bəyanatlar səsləndiriblər.

Globalinfo.az-a danışan deputat Əli Hüseynli deyib ki, konqresmenlərin səsləndirdiyi cəfəng iddialar regionda yaranmış yeni reallıqları və beynəlxalq hüququn prinsiplərini əks etdirmir:

“Təəssüf ki, bəzi ABŞ siyasətçiləri erməni lobbi təşkilatlarının təsiri altında birtərəfli mövqe tutaraq regionda sülh və normallaşma prosesinə töhfə vermək əvəzinə, qarşıdurma ritorikasını təşviq edirlər. Bu yanaşma nə AzərbaycanErmənistan normallaşma prosesinə, nə də Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasına xidmət edir. Sağlam məntiqlə bölgədə davamlı sabitlik və AzərbaycanErmənistan münasibətlərinin normallaşması ABŞ-ın maraq dairəsinə daxil olan məsələ kimi qəbul olunmalıdır. Son illər bu müstəvidə əhəmiyyətli dəyişikliklərin baş verdiyinin şahidiyik. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində əldə etdiyimiz tarixi Qarabağ Zəfərindən və dövlət suverenliyimizin tam bərpasından sonra bölgədə yaranmış yeni reallıqları obyektiv olaraq qəbul edən ABŞ administrasiyası, xüsusilə Prezident Donald Tramp bu məsələdə birmənalı olaraq Azərbaycanın səylərini və ölkəmizdə demokratiyanın və qanunçuluğun inkişaf tendensiyasını yüksək qiymətləndirir. Bu gün bu iki ölkənin siyasi rəhbərlikləri Azərbaycanla Ermənistan arasında sülh mühitinin formalaşması istiqamətində birgə addımlar atmaqdadırlar. Ona görə də hadisələrin gedişinin pozitiv dinamikası fonunda ABŞ konqresmenləri Şerman və Kosta tərəfindən səsləndirilən növbəti qərəzli və məsuliyyətsiz bəyanatlar yalnız acı təəssüf doğurur”.

Deputat bildirib ki, bu cür açıqlamalar regionda formalaşmış yeni geosiyasi reallıqları nəzərə almır və uzun illər ərzində Azərbaycan torpaqlarının işğal altında qalmasına münasibətdə nümayiş etdirilən susqunluq fonunda ikili standart təsiri bağışlayır:

Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını tam şəkildə bərpa etmiş dövlətdir. Ölkəmizin ərazisində qanun pozuntularında, hərbi cinayətlərdə və digər ağır əməllərdə ittiham olunan şəxslərin məhkəmə məsuliyyətinə cəlb edilməsi hər bir suveren dövlətin qanuni hüququdur. Azərbaycanda saxlanılan şəxslər “hərbi əsir” deyil, Azərbaycan qanunvericiliyinə uyğun olaraq konkret cinayət əməllərində ittiham olunan şəxslərdir. Bu məsələyə siyasi don geyindirmək və məhkəmə proseslərinə kənardan təzyiq göstərməyə çalışmaq yolverilməzdir. Azərbaycan beynəlxalq hüquqa əsaslanan sülh gündəliyinə sadiqdir və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl addımlar atır. Xarici siyasi dairələrin qərəzli bəyanatları isə regionda etimad mühitinin formalaşmasına deyil, əksinə, qarşıdurma ritorikasının davam etməsinə şərait yaradır. Hesab edirəm ki, ABŞ Konqresinin ayrı-ayrı üzvləri emosional və lobbi təsirli açıqlamalar vermək əvəzinə, regionda yaranmış reallıqları obyektiv qiymətləndirməli və davamlı sülh səylərini dəstəkləməlidirlər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: