Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək.
Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklikləri imzalaması ilə mümkün olub.
Sənədə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər. Buna görə də qanunvericiliyə “şəxsi jeton” anlayışı və istifadə qaydaları əlavə edilib.
Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə 9.4-cü maddə əlavə olunub. Bu maddəyə əsasən, gənclərin çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
X X X
Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, “Müflisləşmə və iflas haqqında”, “Taxıl haqqında” , “Beynəlxalq xüsusi hüquq haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Çayçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm haqqında”, “Kredit büroları haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlardan gedir.
Onlar 6 aydan sonra qüvvəyə minəcək “Maliyyə icarəsi haqqında” qanuna uyğunlaşdırılıb.
Belə ki, maliyyə icarəsi fəaliyyəti çərçivəsində daşınar və daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı münasibətlərin “Maliyyə icarəsi haqqında” qanunla tənzimlənməsi barədə Mülki Məcəllədə müvafiq dəyişikliyin edilib, həmçinin “Lizinq” münasibətlərini tənzimləyən 39-cu fəslin ləğvi, terminlərin yeni qanuna uyğunlaşdırılıb;
– borclu icarəçi və ya icarəyə verənin öhdəlikləri üzrə tələblərin maliyyə icarəsi obyektinə yönəldilməsinin xüsusiyyətləri “Müflisləşmə və iflas haqqında” qanunla ayrıca maddədə tənzimlənib;
– müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, maliyyə icarəsi müqaviləsinə icarəyə verənin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququnun tətbiq edilməsinə dair “Beynəlxalq xüsusi hüquq haqqında” qanunda dəyişiklik edilib;
– maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim edilməsi tələbinin müəyyənləşdirilməsi barədə “Kredit büroları haqqında” qanunda dəyişiklik edilib;
– “Maliyyə icarəsi haqqında” qanundan irəli gələrək lisenziyanın (icazənin) verilməsi, fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və nəzarətin həyata keçirilməsi məqsədilə kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatların sorğu əsasında Azərbaycan Mərkəzi Bankına verilməsi istiqamətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilib;
– hüquqi şəxslərin Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi ilə bağlı “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilib;
– maliyyə bazarlarında lisenziya və icazə sistemini müəyyən edən maliyyə bazarları sahəsində qəbul edilən qanunların dairəsinə “Maliyyə icarəsi haqqında” qanunun əlavə edilməsi barədə “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliyin edilib;
– Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, “Taxıl haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Çayçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “İcbari sığortalar haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda “Maliyyə icarəsi haqqında” qanun layihəsinə uyğunlaşma xarakterli texniki dəyişikliklər edilib.
Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi 550 manat dövlət rüsumu alınması nəzərdə tutulur.
X X X
Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi “Maliyyə icarəsi haqqında” qanunu təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, sənəd maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Sənəddə “alış qiyməti”, “geriyə maliyyə icarəsi”, “maliyyə icarəsi”, “maliyyə icarəsi alan”, “maliyyə icarəsi fəaliyyəti”, “maliyyə icarəsi müqaviləsi”, “maliyyə icarəsi ödənişləri”, “maliyyə icarəsi verən”, “mühüm iştirak payı”, “satıcı”, “ümumi dəyər”, “vətəndaş qüsursuzluğu” kimi anlayışlar öz əksini tapıb.
Qanunun tələblərini pozan şəxslər məsuliyyət daşıyırlar.
Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir. Bundan sonra 9 ay müddətində ölkədə lizinq fəaliyyətini həyata keçirən (o cümlədən hazırda lizinq fəaliyyətini normativ hüquqi aktlara müvafiq olaraq dayandırmış) şəxslər öz fəaliyyətini bu qanunun tələblərinə uyğunlaşdırmalı və müvafiq reyestrə daxil edilmək üçün Azərbaycan Mərkəzi Bankına müraciət etməlidirlər. Həmin müddətdə qanunun tələblərinə əməl etməyən şəxslər yeni maliyyə icarəsi müqavilələri bağlamamalı, mövcud lizinq müqavilələrinin müddətinin uzadılmasına yol verməməli və firma adında “maliyyə icarəsi”, “maliyyə lizinqi”, “lizinq” sözləri və ya bu sözlərdən ibarət söz birləşməsi olduğu halda, həmin sözlərin adından çıxarılması üçün normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görməlidirlər.