İyunun 20-də bəzi rayonlara yağan güclü dolu bölgədə ciddi fəsadlara yol açıb.
Globalinfo.az xəbər verir ki, Qazax rayonuna diametri 10-12 millimetr, Ağstafa rayonu ərazisinə isə diametri 25-28 millimetr olan dolu düşüb.
Yerli sakinlərin sözlərinə görə, ovuc boyda yağan dolu xüsusilə Qazaxın Çaylı, Quşçu Ayrım, Məzəm və Fərəhli kəndlərində yaşayış evlərinə, eləcə də kənd təsərrüfatı sahələrinə külli miqdarda ziyan vurub.
Evlərin dam örtükləri tamamilə yararsız hala düşüb, yağış suları mənzillərə dolub, meyvə bağları isə bütövlüklə məhv olub.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəzi sakinlər 64 ildir belə hadisə ilə qarşılaşmadıqlarını deyir, bunu misli görünməmiş hal kimi dəyərləndiriblər.
Bir qrup insan isə ilginc fikirlər bildiriblər. Təbiət hadisəsini Məhərrəmlik ayında toy edənlərin günahı kimi qələmə verənlər və ya dolunun böyüklüyünü bu yaxınlarda qiyməti 1 qəpiyə düşən yumurtaya bənzədənlər olub.
Qeyd edək ki, son günlər bəzi rayonlarda intensiv yağışlar, şimşək və dolu hadisələri qeydə alınıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Naftalan, Şəki, Balakən, Oğuz və Qusar rayonlarında arabir yağış yağıb, şimşək çaxıb.
Sinoptiklər yaxın günlərdə də qeyri-sabit hava şəraitinin davam edəcəyini, bəzi istiqamətlərdə dolu düşəcəyini proqnozlaşdırırlar.
Safura Bənnayeva
Globalinfo.az
