“Hormonal qidalar və xüsusi təbliğatla uşaqlarımızın cinsini dəyişdirirlər” – Sosioloqdan fəlakət anonsu

Bu günlərdə sosial şəbəkələrdə “Baboş” ləqəbilə tanınan Babək Cabbarova bahalı ev hədiyyə olunmasına dair xəbərlər yayıldı. Bu, ciddi şəkildə müzakirə olundu, hətta sosial şəbəkə istifadəçiləri buna sərt şəkildə irad bildirirlər. Sonradan “Baboş” özü xəbərin yalan olması ilə bağlı məlumat yayaraq, təkzib etdi.

Bütövlükdə götürdükdə, belə adamlara marağın olması, lüks həyat yaşamaları inkar olunmaz faktdır. Maraqlıdır ki, bu cür adamlar qısa zamanda fenomenə çevrilirlər. Onların Tik Tok, Yutub və digər platformalarda açdıqları canlı yayımlara minlərlə insan qoşulur. Bunların bəzilərinin 3-cü cins nümayəndəsi olduğu bəllidir.

Belə adamların fenomenə çevrilməsinin səbəbi nədir?

Globalinfo.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı deyib ki, bir çox ölkədə cinsi azlıqların təbliği qadağan edilib.

Sosioloq belə insanların sayının artmasının iki əsas səbəbi olduğunu bildirib:

“Birincisi, bioloji terrordur. Yəni “müasir” və hormonal balansı dəyişən qidalar, bir sıra dərmanlar və s. Bunlar bioloji formanı dəyişdirə bilir. İkincisi isə mənəvi-psixoloji deqradasiyadır. Bu da müasirlik adı altında həyat tərzini göstərmək, bunu bütün dünyada təbliğ etməkdir. Bunun üçün trilyonlar sərf olunur. Belələrinin həyat tərzini nümayiş etdirərək, gəncləri həvəsləndirməyə çalışırlar. Bütün dünyada belədir. Onların arxalarında imkanlı, vəzifəli şəxslər olur, hər cür şərait yaradır. Onlara biznesdə şərait, şou-biznesdə imkan yaradır, televiziyalarda təbliğ edirlər”.

E.Bayramlı bir çox ölkələrdə həm dövlət, həm ictimaiyyət tərəfindən cinsi azlıq nümayəndələrinə qarşı ciddi müqavimət göstərildiyini bildirib:

Elçin Bayramlı

“Təəssüf ki, bizdə zərrə qədər də belə bir şey yoxdur. Əksinə, onlara yüksək səviyyədə şərait yaradılır. Məsələn, mənəvi dəyərlərlə bağlı nəsə yazsaq, yüzlərlə, minlərlə adam bizi sosial şəbəkələrdə təhqir etməyə, gözdən salmağa və şər atmağa başlayacaqlar. Onların müəyyən vəzifəli, tanınmış şəxslərlə bərabər beynəlxalq təşkilatlardan da dəstəkləri var. Artıq anormallıqların normallaşdırılması cəmiyyətə otuzdurulur. Tədricən, hiss olunmadan…. Təəssüf ki, bizdə bu barədə sərt mexanizm mövcud deyil. Baxmayaraq ki, biz Şərq ölkəsiyik, türk xalqıyıq, özümüzü müsəlman hesab edirik, amma ölkəmizdə belə bir şeyin olması bizə yaraşmır. Biabırçılıqdır!”

Sosioloq deyib ki, bu cür insanları Amerika formalaşdırıb:

“Bunlara trilyonlarla vəsait ayrılır, layihələr verilir, filmlər, seriallar çəkilir, təşkilatlar və hərəkatlar yaradılır. Bir sözlə, böyük bir miqyasda iş gedir. Bu baxımdan da dövlətlərin özünüqoruma mexanizmi olmalıdır. Çünki bu, milli genefondun məhv edilməsinə, millətin pozğun kütləyə çevrilməsinə gətirə biləcək bir təhlükədir”.

Həmsöhbətimiz cinsi azlıq nümayəndələrinin artmasında cəmiyyətimizi qınayıb:

“Biz sanki çox bivec, laqeyd bir cəmiyyətik. Çoxu buna heç reaksiya vermək istəmir. Məsələn, mən bu tip insanlarla bağlı sərt, ifşaedici materiallar paylaşanda mənə beş nəfər belə dəstək vermir, amma bunları izləmək üçün yüzlərlə, minlərlə dəstəkçiləri gəlib məni təhqir edir. Hətta şikayət edərək bir neçə dəfə səhifəmi, kanalımı bağlatdırıblar. “Müasirlik”, “avropalaşaq”, “inkişaf edək” adı altında bütün dəyərlərimizi çökdürüblər. Ailə dəyərlərimizi, böyük-kiçik dəyərlərimizi məhv etdilər, uşaqları da zombi kimi böyüdürük. Təəssüf ki, nə dövlət, nə də cəmiyyət olaraq bunlarla mübarizə aparmaq gücündə deyilik. Acınacaqlı vəziyyətdəyik!”

Sosioloqun fikrincə, bunun sonu yaxşı nəticə verməyəcək:

“Biz cəmiyyət olaraq hələ də təhlükənin fərqində deyilik. Prosesin hara getdiyini, nələrə gətirib çıxardığını anlamırıq. Bizim uşaqlarımız hansı fizioloji-bioloji orqanizmlərlə böyüyür, hansı hormonal qidalar onların orqanizmini dəyişdirir bilmirik. Biz hələ yuxudayıq, ayılanda çox gec olacaq. Əgər indiki dövrdə tədbir görməsək, bunlar çoxluğa çevriləcək. Ondan sonra ümumiyyətlə bunun qarşısını almaq mümkün olmayacaq və sizin, mənim kimi insanlar azlıqda qalacaq. Azlıq isə çoxluğa tabedir. Bu gedişlə bizə qaydaları da, şərtləri də onlar qoyacaq. Onsuz da dəyərlərimizin çoxunu itirmişik, yaxın zamanda qalanların da sonuna çıxacaqlar”.

Zaira Akifqızı
Globalinfo.az