Globalinfo.az REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli ilə müsahibəni təqdim edir:
– Natiq bəy, 2020, 2024-cü illərdə keçirilən parlament seçkilərində namizədliyinizi irəli sürmüşdünüz. Seçilmədiniz. Növbəti seçkilərdə deputatlığa namizəd olacaq, seçkilərdə iştirak edəcəksinizmi?
– Əlbəttə, siyasi partiyanın, siyasətlə məşğul olan insanın işi seçkilərdə iştirakdır. Seçkilərdə iştirak etməyən siyasi partiyalar, yaxud da siyasi xadimlər nə işlə məşğul olduqlarını sorğulamalıdırlar. Siyasətçinin əsas işi seçkilərdir. Əgər növbədənkənar olmasa, növbəti parlament seçkiləri 2028-ci ilin noyabr ayına düşəcək. İndidən bununla bağlı, komandanın formalaşması və sair istiqamətində işlər görülür. Formalaşmış komandamız var. Komanda üzvləri zaman-zaman, heç olmasa ayda bir dəfə görüşür, yeni ideyalar, internet layihələri haqqında fikirlər bölüşürük. İndidən bununla bağlı yol xəritəmiz, planımız var. Seçkilərdə iştirak edəcəyik.
“Ümumi iqtisadi siyasətin dəyişməsinə ehtiyac var”
– Hər zaman çıxışlarınızda hökumətin iqtisadi siyasətini tənqid edirsiniz. Ayrı-ayrı qurumların işlərində çatışmazlıqları göstərirsiniz. Hökumətdə təmsil olunsanız – nazir, komitə sədri kimi postlar tutsanız, mövcud problemlərin həllinə gücünüz çatarmı?
– Hansısa bir vəzifə tutmaq bu sahədəki problemləri kökündən həll etmək anlamına gəlmir. Bunu anlayıram. Ümumi iqtisadi siyasətin dəyişməsinə ehtiyac var ki, hansısa nazirin, yaxud da iqtisadi komandanın gördüyü işlərin effekti olsun. Məsələn, maliyyə, iqtisadiyyat naziri fərqli düşünür, fərqli istiqamətdə gedəcəksə, vəzifədə kimin təmsil olunmasından asılı olmayaraq effekt zəif olacaq. Hədəflərlə bağlı ümumi yol xəritəsinə ehtiyac var. Vəzifədə olmaq heç də həmin sahədəki bütün problemlərin həlli anlamına gəlməyəcək.
Əsas tənqidim hökumətin iqtisadi sahədə qoyduğu hədəflərin doğru olmamasıdır. Hədəflərin dəyişməsi avtomatik olaraq bu hədəflərə gedən yolun dəyişməsinə səbəb olacaq. Oyunun qaydaları dəyişəcək. Azərbaycanda şəxsi vəzifə tutmaq problemli məsələ deyil. Lakin tutduğun vəzifənin sənin beynində tutduğun hədəfləri reallaşdırmağa icazə verib-verməməsi sual altında qalır. Əgər bunun üçün şərait olmayacaqsa, həmin vəzifəyə getməyin də mənası yoxdur.
“Birinci növbədə Azərbaycanda qanunvericilik bazası dəyişməlidir”
– Gündəmə gətirdiyiniz, düzəlməli olduğunu dediyiniz hansı problemin həlli istiqamətində addım atardınız?
– Birinci növbədə Azərbaycanda qanunvericilik bazası dəyişməlidir. Vergi, gömrük, hədsiz tənzimləmə qanunları dəyişdirilməlidir. Bir çoxu ümumiyyətlə ləğv edilməlidir. Kiçik, effektiv hökumət modelinə keçilməlidir. Bunun üçün isə struktur, sistem islahatlarına ehtiyac var. Hansısa şəxsi digər şəxslə əvəz etməyin effektiv olacağını düşünmürəm. Bənzər halların şahidi olmuşuq. Baş nazirlər, nazirlər dəyişib, amma hədəflərlə bağlı dəyişiklik olmadığından ürəyim istəyən, görmək istədiyim mənzərəni hələ ki, görmürəm.
– Ümumiyyətlə, vəzifə təklifi almısınızmı?
– Almamışam. Almaq qəribə olardı. Hökumət, dövlət nümayəndələri ilə zaman-zaman görüşürük. Çox səmimi, maraqlı görüşlər olur. Mərkəzi Bankın rəhbərliyi tez-tez dəvət edir. 45 gün, 2 aydan bir baş tutan görüşlər, çox səmimi, həddindən artıq ciddi diskussiya şəraitində gedən görüşlər də olur. Prezident Administrasiyasının müvafiq şöbələri var ki, siyasi partiyalarla, qanunvericilik hakimiyyəti ilə çox gözəl işləyirlər, tez-tez görüşlər təşkil olunur, müzakirələr aparılır. Belə müzakirələrdə iştirak etmişəm. Amma vəzifə ilə bağlı təklif almamışam.
Alsam, bu ona görə qəribə olardı ki, beynimdə olan islahatları apara biləcək şərait olmadıqca, hansısa vəzifəni tutmağım mənasız olar. Bəlkə də şəxsi təşəbbüsüm olsaydı, çoxdan belə təklif alardım. Bu da olmayıb. İndi mənə vəzifə təklifi gəlsə, mövcud şəraitdə bunu qəbul etmərəm.
“Ailə büdcəsi dövlət büdcəsinin mini formasıdır”
– Maraqlıdır, xalqın iqtisadi, sosial rifahının yaxşılaşdırılması üçün təkliflər verən Natiq Cəfərli özünün, ailəsinin iqtisadi durumunu necə tənzimləyir? Bir iqtisadçının iqtisadi vəziyyətini hara qədər nizama saldığı cəmiyyət üçün maraqlı olardı.
– Yaxşı sualdır. Burada bir neçə amil var. Birincisi, ailə üzvlərimin gün, ay və ili planlamağı öyrənməsinə çalışmışam. Birgə müzakirələrlə bunu etmişik. Bu, həqiqətən çox vacibdir. Ailə büdcəsi dövlət büdcəsinin mini formasıdır. Ailə büdcəsini idarə etmək üçün müxtəlif xərclərin əvvəlcədən planlaşdırılması və prioritetlərin əvvəlcədən müəyyən olunması vacibdir.
Bizim ailədə belə bir ənənə yaranıb: gəzməyi çox sevirik. Yay tətilini çox sevirik. Bunun üçün planlaşdırmanı artıq fevraldan edirik. Bu aydan biz hara gedəcəyimizi bilirik. Belə olanda qiymətlər daha münasib olur. Hətta yarıbayarı qiymət fərqi olur. İlkin ödəniş edib turları, biletləri alırıq. Yoldaşımın işləməsi vəziyyəti daha da rahatlaşdırır. Onun gəlirinin müəyyən hissəsi də ailə büdcəsinə daxildir. Mən də biznes məsləhətçisi kimi 25 ilə yaxın başqa şirkətlərlə çalışmışam. Siyasi partiyada fəaliyyətə görə də əlavə maaş alıram. Bütün bunları toplayanda Azərbaycanda orta sinfə aid olan ailə büdcəmiz var.
Qırmızı xətlərimiz də var: məsələn, kreditimiz yoxdur. Əvvəlcədən belə razılaşmışıq ki, kredit götürməyəcəyik. O zaman kredit götürmüşük ki, mağazalarda faizsiz, ilkin ödənişsiz məhsullar satışa çıxarılıbsa. Bu da nağd və kredit qiymətinin, demək olar, eyni olması deməkdir. Planşet, tozsoran və bir neçə əşyanı bu şərtlərlə kreditə götürmüşük. Bu günə qədər də heç bir bankda kreditimiz yoxdur.
– Bir vaxtlar partiyanızda xeyli siyasi ulduzlar fəaliyyət göstərirdi. Sonradan bu və ya digər səbəbdən uzaqlaşdılar. Hazırda REAL Partiyasında vəziyyət necədir? İlqar Məmmədov və Erkin Qədirli ilə münasibətləriniz necədir? Partiya həyatı əvvəlki kimi qaynardırmı?
– Əlbəttə. İlqar Məmmədov, Erkin Qədirli hər gün ofisdədir. Partiyada bir yerdəyik. Hərəsinin öz otağı var. Həftədə bir dəfə iclasımız olur. Hər gün birlikdə nahar edirik. Çox zaman şam yeməyimiz də bir yerdə olur. Münasibətlərimiz çox yaxındır. Ailəvi dostuq. Siyasi əqidə olaraq çox ciddi fikirlərimiz üst-üstə düşür. Bu da bizim uzunillik dostluğumuz, əqidədaşlığımızın nəticəsidir. İlqar Məmmədov və Erkin Qədirli ilə şəxsən tanışlığım 2004-cü ildən başlayıb. Artıq 22 ildir dostluq münasibətlərimiz var.
Partiyada tanınmış vəkil Rəsul Cəfərov var ki, indiyə qədər çox ciddi siyasi, hüquqi məsələlərdə aktiv rol oynayıb. Eləcə də professor, arxitektor Elçin Əliyevin şəhərsalma ilə bağlı ciddi planları var. Həkim Zöhrab Əliyev də regionların birində fəaliyyət göstərir. Mahmud Mahmudov bu yaxınlarda ABŞ-da səfərdə idi. İdarə Heyətində olan insanların kifayət qədər ictimai çəkisi, nüfuzu var.
Partiyamızın İdarə Heyətindən əlavə açıq qapı prinsipi var. İstənilən üzvümüz (5400-ə yaxın üzv var) gəlib qapını açır, girir sədrin, İdarə Heyətinin istənilən üzvünün, ya da Erkin Qədirlinin otağına, nə düşünürsə, üzünə deyir və çıxıb gedir. Bizdə baryerlər mövcud deyil. Bu çox xoşumuza gəlir.
Sumqayıtda da ofisimiz fəaliyyət göstərir. Ən aktiv bölgə üzvlərimiz oradadır. Tez-tez görüşlərimiz olur. Ən son yayın əvvəlində olub. Yay ayları siyasi aləmdə durğunluq dönəmidir. Sentyabrın sonunda görüşlərimiz yenidən bərpa olunacaq.
“Quru sərhədlər məsələsində suallar cavabsız qalır”
– Keçək gündəm məsələlərinə. Azərbaycanda uzun müddətdir, pandemiya səbəbindən quru sərhədlər açılmır. Siz də demək olar hər gün bu mövzuda yazırsınız, danışırsınız. Bəlkə dövlətin nəsə bir bildiyi var, yoxsa niyə sərhədlər bağlı saxlanılsın? Sizcə, növbəti ildən bu məsələ həllini tapa bilər?
– Dövlətin əlində olan məlumatları biz bilmirik. Bilməyimiz də mümkün deyil. Amma müəyyən suallarımız var ki, onların cavabını da aidiyyəti dövlət orqanlarından gözləmək haqqımız var. Bu məsələ pandemiya ilə bağlı deyil. 2023-cü ildən Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanı ləğv etdi. Rəsmi şəxslər, bəzi deputatlar, məmurlar sözügedən prosesin təhlükəsizliklə bağlı olduğunu söyləyirlər. Çox normal haldır ki, təhlükəsizlik məsələləri ilə bağlı baş verən hadisələrdən adi vətəndaşlar məlumatsızdır.
Azərbaycan vətəndaşının xaricə getdikdən sonra ölkəyə qayıtmasının təhlükəsizlik məsələsi ilə nə əlaqəsi var? Məsələn, təyyarə ilə Gürcüstana gedib 3-5 gün sonra quru sərhədlə keçib evinə gəlmək istəyir. Lakin sərhəd bağlıdır, Azərbaycan vətəndaşının quru yolu ilə keçib ölkəsinə daxil olmasına icazə vermirlər. Bu tipli həddindən artıq vətəndaşları düşündürən, qıcıq edən, bəzən də hökumətdən narazı edən suallar var.
Xarici vətəndaşlar üçün sərhədlər bağlı deyil. Onlar təyyarələrlə gəlirlər, ölkədən çıxışlarını isə quru yolu ilə edirlər. Onlar daha çox Gürcüstan sərhədindən keçirlər. Bəs Azərbaycan vətəndaşı öz ölkəsinə niyə gələ bilmir?
İlk mərhələdə xaricə səfər edən azərbaycanlıların ölkəyə qayıtması ilə bağlı qərar verilməlidir. Bu həm də humanitar məsələdir. Gürcüstanda üç yüz minə yaxın soydaşımız yaşayır. Hamısının qohumu, tanışı var burada. Qatar yolu açılanda ən çox onlar sevindilər. Bilirsiniz niyə? Çünki onlar ucuz qiymətə 80-100 manata bilet alıb qohumlarını görür, geri piyada qayıdırlar. Avtobusla 10-15 manata Qazaxa gedir, oradan da piyada keçib evlərinə gedirlər. Gürcüstan pasportu ilə. Bəs Azərbaycan pasportu ilə niyə ölkəyə girişə icazə yoxdur?
Bu suallar cavabsız qalır. Hətta təhlükəsizliklə bağlı müəyyən məqamların olması ehtimalını qəbul edirəm. Məlumatsızıq. Bölgəmiz qan çanağına dönüb. Amma digər suallar öz cavabını mütləq tapmalıdır.
“Azərbaycan dövləti qonşularımızın hamısından güclüdür”
– Qonşularda baş verən vəziyyətlər də nəzərə alınır.
– Ola bilər, lakin yaxşı bilirəm ki, Azərbaycan dövləti qonşularımızın hamısından güclüdür. Ermənistandan, Gürcüstandan ordumuz, xüsusi xidmət orqanlarımız, polis orqanlarımız da güclüdür. Lakin necə olur ki, bölgədə yerləşən Ermənistan sərhədləri açır? Gürcüstan və Rusiya arasında müəyyən problemlərə baxmayaraq, sərhəd açıqdır, eləcə də İran. Müharibə şəraitindədir, amma sərhədlər açıqdır.
Azərbaycan dövlət qurumlarının gücünə, açıq sərhəd rejimində işləmə qabiliyyətinə inanıram. Belə yanlış təsəvvür formalaşıb ki, təyyarə ilə gediş-gəlişlə quru sərhədlə gediş-gəlişin təhlükəsizlik tədbirləri cəhətdən fərqi var. Lakin bu belə deyil. Bütün proseslər eyni qaydada gedir. Say etibarilə fərq var ki, təyyarədə daha az adam gedir. Əgər problem say məsələsidirsə, yeni mexanizm tətbiq edə bilərlər ki, gündə üç min insan limiti qoyulsun. Onlayn növbə götürüb bilirsən ki, sənin növbən 2 gündən sonradır, vaxtı çatanda gedib sərhədi keçirsən. Azərbaycan dövlətinin gücü bu problemləri həll etməyə yetər.
“Uşaqpulu ehtiyacdır”
– Gündəmdən demək olar ki, heç bir zaman düşməyən ən aktual mövzulardan biri də uşaqpuludur. İnsanlar bu pulun verilməsini hazırkı şəraitdə mühüm hesab edirlər. Uşaqpulu bərpa oluna bilər?
– Bu, obyektiv ehtiyacdır. Azərbaycanda demoqrafik vəziyyət yaxşı deyil. Doğuş sayı kəskin azalıb. 10 ildir ki, hər il azalmaqda davam edir. Müstəqilliyimizin ilk illərində 194 min uşaq dünyaya gəlmişdisə, keçən il doğuş sayı 95 minə qədər azaldı. Yəni həmin dövrlə müqayisədə iki dəfə azalma var. Bu çox ciddi rəqəmlərdir.
Müəyyən problemlər yaşanır. Lakin bu o demək deyil ki, uşaqpulu verilən kimi doğuş sayı artacaq. Bizdə belə yanlış gözlənti formalaşdırırlar. Uşaqpulunun verilməsi demoqrafik vəziyyətə müsbət tendensiya kimi təsir göstərə bilər.
Hökumətin ən zəif cəhətlərindən biri də odur ki, yaxşı gördüyü işi təqdim edə bilmir. Bu gün onsuz da uşaqpulu verilir. Beş yüz mindən çox uşağa müxtəlif adlarla bu vəsait ödənir. İndi onu sistemləşdirmək lazımdır. Bundan sonra ölkədə 2,7 milyon 0-18 yaş arası uşaq var. Mərhələ-mərhələ prosesi yerinə yetirmək olar.
Məsələn, ilk mərhələdə 2-ci uşağa, onların sayı 920 mindən çoxdur, hərəsinə 100 manat vermək olar. İkinci mərhələdə artıq 3-cü, daha sonra 4, 5 və sair bu formada gedə bilər. Dövlət büdcəsi bunu qaldıra bilər. İlkin mərhələdə 1 milyard manat vəsait lazımdır 2-ci uşağa pulun ödənilməsi üçün. Sonrakı mərhələdə vəsait artacaq, amma dövlət büdcəsinin buna gücü çatacaq.
Sonradan başqa tələblər də yaranacaq ki, uşağa 100 manat bəs edəcəkmi. Ona görə də mərhələli proqram tərtib etmək lazımdır. Hökumətin yerində olsaydım, elan edərdim ki, “5 illik proqramımız var, ilkin mərhələdə 100 manat ikinci uşağa, ikinci mərhələdə 150 manat üçüncü uşağa veriləcək” və sair.
İndi populizm həddindən artıq çoxdur. Bəzi ekspertlər var ki, böyük məbləğdə vəsaitlərin ödənilməsini tələb edirlər ki, 500-1000 manat verilsin. Amma bu doğru yanaşma deyil. Bu məsələ elmi-praktiki cəhətdən həllini tapmalıdır.
– Bu gün xalqın əsas yaralı yeri pensiya, maaş və sosial müavinətlərin nə vaxt artacağı məsələsidir. Yanvar ayından artımlar mümkündürmü?
(Ardı var…)
Müxbir: Safura Bənnayeva
Fotolar: İntiqam Əhmədov