“Dövlətin əlində olan məlumatları biz bilmirik. Bilməyimiz də mümkün deyil. Amma müəyyən suallarımız var ki, onların cavabını da aidiyyəti dövlət orqanlarından gözləmək haqqımız var”.
Bu sözləri REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Globalinfo.az-a geniş müsahibəsindən deyib.
O bildirib ki, rəsmi şəxslər, bəzi deputatlar, məmurlar sözügedən prosesin təhlükəsizliklə bağlı olduğunu söyləyirlər:
“Çox normal haldır ki, təhlükəsizlik məsələləri ilə bağlı baş verən hadisələrdən adi vətəndaşlar məlumatsızdır.
Azərbaycan vətəndaşının xaricə getdikdən sonra ölkəyə qayıtmasının təhlükəsizlik məsələsi ilə nə əlaqəsi var? Məsələn, təyyarə ilə Gürcüstana gedib 3-5 gün sonra quru sərhədlə keçib evinə gəlmək istəyir. Lakin sərhəd bağlıdır, Azərbaycan vətəndaşının quru yolu ilə keçib ölkəsinə daxil olmasına icazə vermirlər.
Xarici vətəndaşlar üçün sərhədlər bağlı deyil. Onlar təyyarələrlə gəlirlər, ölkədən çıxışlarını isə quru yolu ilə edirlər. Onlar daha çox Gürcüstan sərhədindən keçirlər. Bəs Azərbaycan vətəndaşı öz ölkəsinə niyə gələ bilmir?”
Müsahibəni BURADAN oxuya bilərsiniz
İqtisadçı qeyd edib ki, ilk mərhələdə xaricə səfər edən azərbaycanlıların ölkəyə qayıtması ilə bağlı qərar verilməlidir:
“Bu həm də humanitar məsələdir. Gürcüstanda üç yüz minə yaxın soydaşımız yaşayır. Hamısının qohumu, tanışı var burada. Qatar yolu açılanda ən çox onlar sevindilər. Bilirsiniz niyə? Çünki onlar ucuz qiymətə 80-100 manata bilet alıb qohumlarını görür, geri piyada qayıdırlar. Avtobusla 10-15 manata Qazaxa gedir, oradan da piyada keçib evlərinə gedirlər. Gürcüstan pasportu ilə. Bəs Azərbaycan pasportu ilə niyə ölkəyə girişə icazə yoxdur?
Bu suallar cavabsız qalır. Hətta təhlükəsizliklə bağlı müəyyən məqamların olması ehtimalını qəbul edirəm. Məlumatsızıq. Bölgəmiz qan çanağına dönüb. Amma digər suallar öz cavabını mütləq tapmalıdır”.