Heydər Əliyev Sarayında ilk yaşandı – VİDEO

Heydər Əliyev adına Respublika Sarayında bədii qiraət ustası Xəzər Süleymanlının 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr etdiyi “Sənin üçün” musiqili poeziya gecəsi keçirilib.

Globalinfo.az xəbər verir ki, unikal musiqili ədəbi-bədii gecə formatında keçirilən tədbirdə sevilən şairlərin məşhur şeirlərini “Avanqard” orkestri müşayiət edib.

Azərbaycan mədəniyyəti tarixində ilk dəfə orkestrin müşayiəti ilə keçirilən teatral poeziya konsertində aktyorlar müxtəlif obrazlar yaradıblar.

Gecədə müğənnilər Zabitə Alıyeva, Çinarə Məlikzadə, Cavidan Fatihi, Vüsal Hacıyev də ifa ediblər.

Xəzər Süleymanlının qiraəti ilə yanaşı “Avanqard” orkestrinin dünya klassikasından ifaları maraqla qarşılanıb.

Musiqili-teatral poeziya axşamında xalq şairi Ramiz Rövşən çıxış edərək Xəzər Süleymanlının fəaliyyətindən, Azərbaycanın poeziyasının təbliğindəki xidmətlərindən danışıb.

Tanınmış şair İlqar Fəhmi “Sənin üçün” adlı poeziya gecəsinin forma və məzmununa görə yenilik olduğunu bildirib.

Qeyd edək ki, “Sənin üçün” musiqili poeziya gecəsinin quruluşçu rejissoru əməkdar artist Bəhruz Vaqifoğlu, ssenari müəllifi yazıçı Pərviz Seyidlidir.