Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilmiş Səbuhi Sadıqov uzun illər maliyyə, audit və konsaltinq sahələrində çalışıb.
Globalinfo.az Səbuhi Əhəd oğlu Sadıqovun dosyesini təqdim edir:
Səbuhi Sadıqov 1984-cü ildə anadan olub.
O, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə və kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsinə layiq görülüb.
Əmək fəaliyyətinə 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayıb.
2007–2018-ci illərdə beynəlxalq audit və konsaltinq şirkəti olan “Ernst Young”da müxtəlif vəzifələrdə çalışıb və baş menecer vəzifəsinədək yüksəlib.
2018–2021-ci illərdə PMD şirkətlər qrupunda audit departamentinin direktoru vəzifəsini tutub. Həmçinin bir sıra şirkətlərin audit komitələrinin üzvü və sədri olub.
Prezident İlham Əliyevin 27 dekabr 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.