Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan QR ödəniş sistemlərini uyğunlaşdırmaq barədə razılığa gəliblər. Yeni sistem beş ölkənin vətəndaşlarına bir-birlərinə sürətli pul köçürmələri həyata keçirmək imkanı verəcək.
Qərarın bu ölkələrin iqtisadi dövriyəsinə necə təsiri olacaq? Ümumiyyətlə, adı çəkilən ölkələrdən Azərbaycana köçürülən pullar iqtisadiyyatımızda necə yer tutur? Bu yeniliyin Rusiyadan pul köçürmələri ilə əlaqəsi varmı?
Globalinfo.az-a danışan iqtisadçı Əli Səlimov deyib ki, bu razılaşma regionun iqtisadi və maliyyə əlaqələrinin inkişafı baxımından mühüm addımdır:
“İlk baxışdan bu təşəbbüs sadəcə ödəniş texnologiyalarının inteqrasiyası kimi görünür, amma daha geniş iqtisadi əməkdaşlıq perspektivləri yaradır. Çünki müasir dövrdə ölkələr arasında iqtisadi münasibətlərin dərinləşməsi həm də maliyyə əməliyyatlarının sürəti, əlçatanlığı və xərclərinin azalması ilə ölçülür. Yeni sistemin tətbiqi beş ölkənin vətəndaşlarına bir-birlərinin ərazilərində daha rahat ödənişlər etmək və operativ pul köçürmələri həyata keçirmək imkanı verəcək. Bu, ilk növbədə, sərhədlərarası maliyyə əməliyyatlarının sadələşdirilməsinə, nağd puldan asılılığın azalmasına və bank xidmətlərinin əlçatanlığının genişlənməsinə şərait yaradacaq. Eyni zamanda, turizm, pərakəndə ticarət, xidmət sektoru və kiçik sahibkarlıq üçün yeni imkanlar formalaşdıracaq. Belə ki, sahibkarlar və istehlakçılar əlavə vasitəçilərə və mürəkkəb bank prosedurlarına daha az ehtiyac duyacaqlar. Bununla da əməliyyat xərclərinin azalması iqtisadi dövriyyənin sürətlənməsinə müsbət təsir göstərəcək”.
Əli Səlimov
İqtisadçı bildirib ki, Azərbaycan üçün bu əməkdaşlığın əhəmiyyəti xüsusilə Mərkəzi Asiya dövlətləri ilə iqtisadi münasibətlərin genişləndiyi hazırkı mərhələdə artır:
“Son illərdə ölkəmizin Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanla nəqliyyat, logistika, enerji, investisiya, ticarət sahələrində əməkdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə institusional və iqtisadi əlaqələrinin güclənməsi qarşılıqlı ticarət və investisiya imkanlarını artırır. QR ödəniş sistemlərinin inteqrasiyası isə bu əməkdaşlığa rəqəmsal maliyyə komponenti əlavə edəcək.
Mərkəzi Asiya ölkələrindən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi Rusiya ilə müqayisədə xeyli məhduddur. Buna görə də yeni ödəniş sisteminin qısa müddətdə ölkəmizin pul köçürmələri bazarında ciddi struktur dəyişikliyi yaradacağını gözləmək real olmaz. Lakin məsələyə yalnız mövcud köçürmələrin həcmi prizmasından yanaşmaq düzgün deyil. Burada əsas üstünlük gələcək iqtisadi əlaqələr üçün daha əlverişli maliyyə infrastrukturunun yaradılmasıdır. Ticarət, əməkdaşlıq, turizm və əmək mobilliyi genişləndikcə bu ölkələr arasında pul köçürmələrinə tələbat da artacaq”.
Ləman İmran
Globalinfo.az