Məhz buna görə bu hadisəni adi kitab təqdimatı kimi qiymətləndirmək düzgün olmazdı. Söhbət Azərbaycan qələbəsinin beynəlxalq hərb elminin bir hissəsinə çevrilməsindən gedir.
Təhlilin dəyəri: metodologiya və sahə işi
Bu kitab Azərbaycanda yazılmayıb, Azərbaycan dövlətinin sifarişi ilə hazırlanmayıb və Azərbaycan auditoriyası üçün nəzərdə tutulmayıb. Onun elmi çəkisini anlamaq üçün onun necə yazıldığına baxmaq lazımdır. Müəlliflər təxminən iki il ərzində 100-ə yaxın hərbi və mülki şəxslə müsahibə aparıblar. Azərbaycan tərəfindən bu siyahıya Müdafiə naziri, 2020-ci il müharibəsində və 2023-cü il antiterror tədbirlərində iştirak etmiş bütün korpus komandirləri, Xüsusi Təyinatlı Qüvvələrin əməliyyat zabitləri, Hərbi Hava Qüvvələri, raket-artilleriya, mühəndis, kəşfiyyat və təminat xidmətlərinin yüksək rütbəli zabitləri, eləcə də döyüşün taktiki detallarını bilən aşağı səviyyəli zabit və əsgərlər daxildir. Ermənistan tərəfindən isə müharibədən bir neçə həftə əvvəl orduya çağırılmış sıravidən tutmuş zirehli bölmələrə komandanlıq etmiş tabor komandirlərinə və o dövrdə yüksək vəzifə tutmuş polkovniklərə qədər söhbət aparılıb.
Lakin müəlliflərin metodologiyasında ən vacib məqam başqadır: onlar bütün əsas döyüşlərin keçdiyi əraziləri piyada və maşınla gəziblər, hər döyüşü həm Azərbaycan, həm də Ermənistan mövqelərindən müşahidə ediblər. Şri-Lanka, Kolumbiya, Gürcüstan, Hindistan, İsrail, Qəzza və Ukraynada sahə tədqiqatları aparmış bu iki hərbçi-alim üçün ərazini öz gözləri ilə görmək prinsipial məsələdir. Onların qənaətinə görə, bir döyüşü yalnız xəritə ilə otaqda deyil, məhz o yüksəklikdə, o dərədə, o barmaqlıq mövqedə durub anlamaq mümkündür.
Müəlliflər tədqiqatın məhdudiyyətlərini də gizlətmirlər. Ermənistan ordusu onlara rəsmi qapı açmayıb, buna görə Ermənistan qüvvələrinin tərkibi ilə bağlı bəzi detallar müşahidə olunan hərəkətlərdən çıxarış yolu ilə bərpa edilib. Eyni problemlə onlar 2022-ci ildə Kiyevin müdafiəsini araşdırarkən də üzləşmişdilər və orada da bu, tədqiqatın nəticələrini zəiflətməmişdi. Bu açıq mövqe kitaba əlavə etibar gətirir.
Əsas fəlsəfə: bu, yalnız ordunun deyil, milli gücün qələbəsi idi
Kitabın ən mühüm nəticəsi başlıqda görünmür, amma bütün fəsillərin üzərindən qırmızı xətt kimi keçir: Azərbaycan 2020-ci ildə döyüş meydanında deyil, döyüş meydanından çox əvvəl qalib gəlib.
Müəlliflər 44 günlük müharibəyə qəfil və ya təcrid olunmuş hadisə kimi deyil, 1994-cü ildən başlayan və 26 il davam edən məqsədyönlü böyük strategiyanın kulminasiyası kimi yanaşırlar. Onların təhlilində Azərbaycan dövləti milli gücün bütün alətlərini (diplomatik, informasiya, iqtisadi və hərbi) sistemli şəkildə bir məqsədə yönəldib. İqtisadi inkişaf və enerji gəlirləri ordu quruculuğuna çevrilib, müttəfiqlik münasibətləri silah-sursat tədarükü və siyasi təminat verib, informasiya siyasəti həm daxili cəmiyyəti səfərbər edib, həm də beynəlxalq arenada mövqe formalaşdırıb, 2016-cı ilin Aprel döyüşləri isə ordunun döyüş qabiliyyətinin real sınağına və gələcək planlaşdırma üçün təcrübə mənbəyinə çevrilib.
Burada Azərbaycan oxucusu üçün bəlkə də ən əhəmiyyətli nəticə ortaya çıxır. Milli gücün bu konfiqurasiyası özbaşına yaranmır. Onun memarı var. Kitabda Ali Baş Komandan İlham Əliyevin rolu iki müstəvidə qiymətləndirilir: birincisi, müharibədən əvvəlki onilliklərdə dövlət və ordu quruculuğunun, iqtisadi potensialın və xarici siyasət xəttinin məhz müharibəyə hazırlıq məntiqi ilə inşa edilməsi; ikincisi, müharibə günlərində döyüş əməliyyatlarının strateji idarə olunması, daxili və beynəlxalq auditoriya ilə fasiləsiz kommunikasiya, dezinformasiyaya qarşı mübarizənin şəxsən aparılması. Qərbin hərb elmində “strateji liderlik” anlayışı məhz bunu – resursların, zamanın və siyasi iradənin bir hədəfə tabe edilməsini ifadə edir. Müəlliflərin gəldiyi qənaət birmənalıdır: Azərbaycanın qələbəsi maşınların deyil, onilliklər boyu bir-birinə uyğunlaşdırılmış strategiyanın, hazırlığın və icranın nəticəsidir.
PUA mifinin dağıdılması
2020-ci ildən bəri dünya mətbuatında və hətta bir çox ekspert dairələrində Azərbaycanın qələbəsi “PUA müharibəsi” klişesi ilə izah olunur. Kitabın ən cəsarətli tezislərindən biri bu klişenin tənqidi təhlilidir. Müəlliflər PUA-ların rolunu inkar etmirlər. “Bayraktar” TB2 və “kamikadze” tipli “Harop” PUA-ları Ermənistanın hava hücumundan müdafiə sistemlərini, artilleriyasını və zirehli texnikasını məhv etməkdə həlledici amillərdən olub. Lakin onların fikrincə, PUA-ların təsiri daha dərin struktur amillərin hesabına şişirdilib.
Bu amillərin başında Azərbaycan Silahlı Qüvvələrinin müasir döyüş sisteminin tətbiqini mənimsəməsi dayanır. Hərb nəzəriyyəsində “modern system” adlanan bu konsepsiya qüvvələrin səpələnməsini, örtük və maskalanmadan istifadəni, düşmənin atəş vasitələrinin susdurulmasını, kiçik bölmələrin müstəqil manevr qabiliyyətini və müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin dəqiq əlaqələndirilməsini tələb edir. Tarix göstərir ki, texnologiyaya malik olan, amma bu sistemi mənimsəməyən ordular məğlub olur, sistemi mənimsəyən ordular isə texnoloji üstünlüyü real nəticəyə çevirə bilir. Azərbaycan Ordusu ikinci kateqoriyaya aid edilir.
Kitabın ümumi nəticəsi müasir hərb elmi üçün həm də xəbərdarlıq xarakteri daşıyır: PUA-lar və yüksək dəqiqlikli zərbələr dövründə belə nizamlı, hazırlıqlı və yaxşı idarə olunan quru qoşunları əvəzolunmaz qalır. Texnologiya döyüş effektini sürətləndirə və gücləndirə bilər, amma təlim keçmiş, təşkil olunmuş əsgəri əvəz edə bilməz.
Əməliyyatların xarakteri: xəritələr üzərində müharibə
Kitabın ikinci böyük dəyəri, 44 günlük müharibənin ilk dəfə əməliyyat səviyyəsində, mərhələ-mərhələ, xəritələr üzərində, hər iki tərəfin planları müqayisə edilməklə yenidən qurulmasıdır. Azərbaycan tərəfinin xahişi ilə bölmələr real nömrələri ilə deyil, şərti nömrələrlə göstərilir, lakin bu, oxucuya hansı bölmənin hansı döyüşdən keçdiyini izləməyə imkan verir.
Müharibə ərəfəsində iki konsepsiya: Ermənistan illərlə inşa etdiyi mövqe müdafiəsinə, eşelonlaşdırılmış müdafiə xəttinə və “Azərbaycan hücumu dayanan kimi diplomatiya müharibəni dayandıracaq” gözləntisinə söykənirdi. Azərbaycanın “Dəmir yumruq” əməliyyat planı isə formalaşdırıcı əməliyyatlara, aldadıcı manevrlərə, hava üstünlüyünə, həlledici yarmaya və sonra dərin əməliyyat əhatəsinə əsaslanırdı. Müəlliflərin qənaətinə görə, Ermənistanın planı kövrək idi, Azərbaycanın planı isə sürətli və geri dönüşü olmayan nəticələr əldə etməyə uyğun qurulmuşdu.
İlk on gün – “keçilməz” səddin yarılması: Azərbaycan geniş cəbhədə hücumlar, aldatma və yüksək dəqiqlikli atəşlə Ermənistan qüvvələrini yerində saxlayaraq əsas zərbəni cənubda cəmləşdirib. Atəş altında sıx mina-partlayıcı maneə zolaqlarının keçilməsinin taktiki çətinlikləri təhlil olunur və göstərilir ki, Ermənistanın ehtiyatlarını vaxtında manevr etdirə bilməməsi yarmanı mümkün edib. Bu sədd yarıldıqdan sonra müharibənin strateji balansı həlledici şəkildə dəyişib.
Yarmanın inkişaf etdirilməsi – Hadrut, Əmirvarlı, Füzuli: Müəlliflər Azərbaycan komandanlığının yorğun qüvvələrlə dayanmadan irəliləmək və Qarabağın daxilinə girişi nəzarətdə saxlayan iki kritik hədəfi (Hadrut və Füzulini) azad etmək qərarını hərb sənətinin təkrarlanan dərsi kimi dəyərləndirirlər, çünki yarma yalnız sürət və risk qəbulu ilə inkişaf etdirildikdə məna kəsb edir.
Cənub irəliləyişi – Zəngilan və Qubadlı: Araz çayı vadisi boyunca qərbə doğru hücum, Ermənistanın son müdafiə eşelonlarının darmadağın edilməsi və erməni qüvvələrinin təminat qovşağı olan Qubadlının alınması təhlil edilir. Ermənistan sərhədinə yaxın döyüşlərin siyasi həssaslığı da ayrıca dəyərləndirilir.
Şuşa – müharibəni bitirən döyüş: Xüsusi təyinatlıların dağlıq ərazidən piyada infiltrasiyası, şəhərin təcrid olunması və sonrakı yaxın məsafəli döyüşlər müharibənin kulminasiyası kimi təqdim olunur. Şuşanın azad edilməsi Ermənistanın Qarabağı saxlamaq ümidlərini darmadağın edib və atəşkəsi qəbul etməyə məcbur edib.
2023-cü il – 24 saatda yekun: Müəlliflər 2020-ci il atəşkəsinin niyə davamlı həllə çevrilmədiyini, Azərbaycanın hərbi və diplomatik hazırlığını və separatçı qurumun bir gün ərzində dağılmasını 1990-cı illərdə qurulmuş böyük strategiyanın tam reallaşması kimi izah edirlər.
Hadrut və Şuşa: dünya şəhər döyüşləri tarixində istisna
Kitabın müəlliflərindən Con Spenserin dünya hərb elmində əsas ixtisası şəhər döyüşləridir və məhz bu səbəbdən onun Hadrut və Şuşa əməliyyatlarına verdiyi qiymət xüsusi çəkiyə malikdir. Müəlliflər hələ kitab işıq üzü görməzdən əvvəl bu iki döyüşə həsr olunmuş ayrıca tədqiqatlar dərc etdirmişdilər və orada da əsas tezis eyni idi: Şuşanın alınması müasir dövrün ən qeyri-adi və ən uğurlu şəhər əməliyyatlarından biridir.
Bunun səbəbini anlamaq üçün dünya praktikasına baxmaq kifayətdir. Şəhər döyüşü hərb sənətinin ən qanlı və ən dağıdıcı formasıdır. Müasir orduların böyük əksəriyyəti şəhəri almaq üçün onu məhv edir:
Hue, 1968 (ABŞ-Vyetnam): Şəhərin təxminən 80 faizi bir aylıq döyüşlərdə dağıdılıb, minlərlə mülki şəxs həlak olub.
Qroznı, 1994-95 və 1999-2000 (Rusiya): Şəhər kütləvi artilleriya və aviasiya zərbələri ilə yerlə-yeksan edilib. BMT 2003-cü ildə Qroznını “dünyanın ən çox dağıdılmış şəhəri” adlandırmışdı.
Fəllucə, 2004 (ABŞ-İraq): Şəhərin binalarının yarıdan çoxu zədələnib və ya dağıdılıb.
Mosul, 2016-17 (İraq və koalisiya): 9 aylıq döyüşlərdən sonra Köhnə Şəhər faktiki olaraq mövcudluğunu itirib, mülki itkilər minlərlə ölçülüb.
Mariupol və Baxmut, 2022-23 (Rusiya-Ukrayna): Mariupolda binaların 90 faizə qədəri zədələnib, Baxmut isə sözün həqiqi mənasında xəritədən silinib.
Qəzza, 2023-cü ildən (İsrail): Şəhər infrastrukturunun böyük hissəsi dağıdılıb, humanitar fəlakət miqyası dünya ictimaiyyətinin əsas müzakirə mövzusuna çevrilib.
Bu fonda Şuşa əməliyyatı fərqli bir hərb fəlsəfəsini nümayiş etdirir. Dəniz səviyyəsindən 1300-1500 metr yüksəklikdə, sıldırım qayalıqlarla əhatə olunmuş, yalnız bir yolla əlaqəsi olan şəhər kütləvi artilleriya hazırlığı və zirehli texnika ilə deyil, yüngül silahlı xüsusi təyinatlıların meşəlik və qayalıq ərazidən günlərlə davam edən gizli infiltrasiyası, şəhərin təcrid edilməsi və yaxın məsafəli döyüşlərlə alınıb. Azərbaycan əsgəri şəhəri topla deyil, ayaqla, dizlə, əllə aldı. Nəticədə Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı, Vaqifin, Natəvanın, Üzeyir bəyin şəhəri – dağıdılmadan azad edildi. Eyni məntiq Hadrutda da işlədi. Xüsusi təyinatlıların dağlıq-şəhər ərazisində konvensional bölmələrlə inteqrasiyası düşmənin əlverişli coğrafiyasına baxmayaraq müdafiəni çökdürdü, şəhər isə yer üzündən silinmədi.
Bu, təsadüfi deyil. Azərbaycan düşmən şəhərini deyil, öz şəhərini azad edirdi. Ali Baş Komandanın müharibə boyu dəfələrlə vurğuladığı “biz öz torpağımıza qayıdırıq” prinsipi əməliyyat planlaşdırmasında da öz əksini tapdı. Mülki infrastrukturu və tarixi irsi qoruyaraq şəhəri almaq, bu, hərb elmində ən çətin tapşırıqdır və məhz buna görə Qərbin şəhər döyüşləri üzrə aparıcı mütəxəssisi Şuşanı dərslik nümunəsi kimi təqdim edir.
Nə üçün bu kitab Azərbaycan üçün strateji əhəmiyyət daşıyır?
Birincisi, bu, Azərbaycanın qələbəsinin beynəlxalq hərb elmi tərəfindən rəsmən tanınmasıdır. Müharibə haqqında kim nə danışırsa danışsın, bundan sonra Uest-Poyntda, digər Qərb akademiyalarında və hərbi kolleclərdə Qarabağ müharibəsi məhz bu kitab üzrə öyrəniləcək.
İkincisi, kitab 2020-ci ildən bəri Azərbaycana qarşı yürüdülən informasiya kampaniyasının əsas tezislərini (“muzdlular”, “yalnız Türkiyə PUA-ları”, “Ermənistanın ədalətli müdafiəsi”) peşəkar hərbi təhlil müstəvisində neytrallaşdırır. Müəlliflər məqsədyönlü olaraq hər iki tərəfə aid edilən iddia olunan hüquq pozuntularını müzakirə etmirlər, çünki onlar müharibənin nəticəsinə təsir göstərməyib, onların mövzusu müharibənin necə qazanıldığıdır.
Üçüncüsü və ən əsası, kitab Azərbaycan cəmiyyətinə öz qələbəsinin həqiqi mənbəyini kənardan göstərir. Qələbə təkcə 44 gündə deyil, 1994-cü ildən başlayan dövlət quruculuğu, iqtisadi müstəqillik, ordunun modernləşdirilməsi, diplomatik mövqeləşmə və ideoloji səfərbərlik kimi onilliklərin işi ilə qazanılıb. Bu işin arxasında isə konkret strateji iradə və konkret lider dayanıb.
Nəticə
“The War for Karabakh: Strategy, Technology, and Victory” bir müharibənin xronikası deyil, bir dövlətin öz tarixi məqsədinə necə çatdığının hərb elmi dili ilə yazılmış izahıdır. Kitabın başlığındakı üç söz onun fəlsəfəsini tam ifadə edir:
strategiya – 26 illik hazırlıq;
texnologiya – müasir alətlərin düzgün döyüş sisteminə inteqrasiyası;
qələbə – bu ikisinin milli iradə ilə birləşməsinin nəticəsi.
Hərb tarixçiləri uzun illər Azərbaycan qələbəsini anlamağa çalışacaqlar. Liam Kollinz və Con Spenser bu işə başlayıblar və onların əsas qənaəti bütün dünyaya bir cümlə ilə çatdırıla bilər: Qarabağ PUA-larla deyil, onilliklər boyu bir hədəfə yönəldilmiş milli güclə və o gücü yaradan, idarə edən və həlledici anda tətbiq edən strateji liderliklə azad olunub.
Şahin Qocayev
Ordu.az-ın baş redaktoru