“Tarqovı”dakı məşhur “Burger Baku by Hollywood” restoranından 50 000 manat təzminat tələb edilib. Buna səbəb restoranda səslənən mahnılar üçün müəlliflərdən icazə alınmaması olub. İddianı “Azərbaycan Müəllifləri” İctimai Birliyi qaldırıb.
Bu məsələ qanunvericilikdə necə tənzimlənir?
Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, “Azərbaycan Müəllifləri” İctimai Birliyi və bu qəbildən olan digər birliklər musiqiçilərin, sənət adamlarının və müəlliflərin hüquqlarının müdafiəsi ilə məşğul olurlar:
“Bu qurumlar həmin hüquqların qorunması istiqamətində müəyyən fəaliyyətlər həyata keçirirlər. Belə ki, bu birliklərin nümayəndələri hər hansı ictimai iaşə obyektində və ya müəssisədə musiqinin səsləndirildiyini aşkar etdikdə, müəlliflik hüquqlarının müdafiəsi məqsədilə obyekt rəhbərliyindən müvafiq sənədləri tələb edə bilərlər. Bəzi hallarda isə heç bir sənəd təqdim edilmədən kompensasiya tələbi ilə məhkəməyə müraciət olunur”.
Vəkil bildirib ki, məhkəmə araşdırması zamanı bir neçə əsas məqam nəzərə alınmalıdır:
“Müəlliflik hüququnun müdafiəsi ilə bağlı həmin müəlliflə Azərbaycan Müəllifləri İctimai Birliyi arasında müqavilə mövcuddurmu? Müəllif həmin hüquqların müdafiəsini birliyə həvalə edibmi? Müvafiq müqavilə təqdim edildikdən sonra musiqinin səsləndirilməsi nəticəsində müəllifə dəymiş zərərin məbləği müəyyən edilməlidir. Yalnız bu hallar araşdırıldıqdan sonra müəllifə dəymiş zərərin və tələb olunan kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi mümkün ola bilər. Bu məqamlar nəzərə alınmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az