Globalinfo.az Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirovla müsahibəsini təqdim edir:
– Xəyal bəy, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi sanki dalana dirənib. Bunun ləngiməsinin səbəbi nədir?
– Əvvəlcə qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində addımlar ötən ilin sonlarından bu ilin ortalarına qədər normal gedirdi. Həmin mərhələdə bir sıra uğurlu addımlar atdıq. Bu, rəsmi İrəvanla birgə baş tutan proses idi. Yəni digər tərəflərin, xüsusilə də Fransa kimi qeyri-neytral, ədalətsiz, qərəzli mövqe tutan ölkələrin iştirakı olmurdu. Əldə edilən uğurların nəticəsi də göz qabağındadır. Sülh sazişinin mətnin müzakirə edilməsi və onun böyük miqyasda razılaşdırılması, Azərbaycan-Ermənistan sərhədlərinin 12,7 km məsafədə delimitasiya və demarkasiyası, Azərbaycana aid olan 4 qeyri-anklav kəndin ölkəmizə geri qaytarılması və s. buna misaldır. Lakin bu proses Fransa və digər Cənubi Qafqazda qarşıdurmada, iki ölkə arasında münasibətlərin gərgin qalmasında maraqlı olan ölkələrin atdığı addımlar səbəbindən pozulub.
Xəyal Bəşirov
– Bəs, sülh müqaviləsi, yoxsa çərçivə sazişinin imzalanması daha realdır?
– Sülh müqaviləsinin imzalanması üçün lazım olan təklifləri Ermənistana vermişik. Azərbaycan üzərinə düşən bütün öhdəliklərə əməl edib. Rəsmi İrəvana məsələ ilə bağlı vaxt verib, həlli çətin olan problemlərdə dəstəyin nümayiş etdirilməsi ilə əlaqədar güzəştlər də etmişik. Ermənistan Azərbaycana mina xəritələrini vermədiyi halda rəsmi Bakı sülhün əldə edilməsi naminə əlindən gələni edib. İrəvan isə sözdə sülh müqaviləsini imzalamaq istəyindədir.
Azərbaycanın irəli sürdüyü tələblər yerinə yetirilməsə, sülhün əldə edilməsi mümkünsüzdür. İlk növbədə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiasından vaz keçməsi, dəyişiklik etməsi lazımdır. Digər mühüm nüans isə iki ölkə arasında sülhün əldə edilməsinə maneə olan ATƏT-in Minsk qrupu adlı de-fakto iflasa uğramış bir institutun de-yure də ləğv edilməsi ilə bağlı birgə müraciətin edilməsidir. Ermənistan isə Azərbaycanla birgə addım atmaq əvəzinə, Fransa kimi dövlətlərin təsiri altında sülhə mane olan fəaliyyət göstərir. Çərçivə və ya sülh sazişinin izalanması məsələsi realdır. Lakin bu proses ikitərəfli qaydada baş tutur. Bunun üçün Ermənistan da buna razı olmalıdır. Əks halda hər iki sazişin imzalanması mümkün olmayacaq.
– Son olaraq, Ermənistanın Fransa tərəfindən silahlandırılmasını necə dəyərləndirirsiniz?
– Doğrudur, Ermənistan Fransa vasitəsilə hazırda silahlandırılır. Görünür, rəsmi İrəvan müəyyən hazırlıqlar görməkdədir. Digər tərəfdən Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti ilə keçmiş münaqişə tərəflərinin rəhbərləri kimi görüşmək əvəzinə Fransa, Aİ, ABŞ və digər ölkələrlə görüşməyə üstünlük verir. Avropa Siyasi Birliyinin 4-cü zirvə toplantısında Prezident İlham Əliyevlə görüşdən imtina etməsi buna nümunədir. Fransanın təsiri altında Ermənistan belə addımlar atır. İrəvanın silahlandırılması və sözügedən ölkələrlə görüşə üstünlük verməsi onun seçimidir.
Safura Bənnayeva
Globalinfo.az