tramp 0112 900x600 1

ABŞ Prezidenti Donald Tramp öz ətrafındakılara yalnız Birləşmiş Ştatların hərbi qulluqçuları həlak olacağı təqdirdə, İranla mövcud atəşkəs rejimindən imtina etmək niyyətində olduğunu deyib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

“Dövlət başçısı köməkçiləri ilə şəxsi söhbətlərində yalnız Tehranın Amerika hərbçilərinin ölümü ilə nəticələnən zərbə endirəcəyi halda, İranla atəşkəs məsələsinə yenidən baxmağa hazır olduğunu deyib”, – nəşr ABŞ administrasiyasının məlumatlı nümayəndələrinin sözlərini gətirib.

Qəzetin həmsöhbətləri xüsusi olaraq qeyd ediblər ki, tərəflər arasında davam edən “toqquşma”lara baxmayaraq, qüvvədə olan atəşkəs rejimi əvvəlki kimi qorunub saxlanılır.

WSJ həmçinin diqqəti ona yönəldib ki, Trampın fəal döyüş əməliyyatlarına qayıtmaq istəməməsi onun Yaxın Şərqdə genişmiqyaslı münaqişənin qarşısını almaq naminə həftələr və hətta aylar ərzində gərginliyin cüzi alovlanmalarına dözməyə ehtimal olunan hazırlığından xəbər verir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Paylaş: