mkf

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə iyunun 4-də Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb.

Globalinfo.az xəbər verir ki, Forumun əsas məqsədi Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə vermək, dövlət-özəl sektor tərəfdaşlığını gücləndirmək, beynəlxalq təcrübə və innovativ yanaşmaların paylaşılmasını təşviq etməkdir.

Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində tanınmış beynəlxalq ekspertlər, aparıcı qlobal İT və texnologiya şirkətlərinin rəhbər şəxslərinin çıxışları nəzərdə tutulub. Forumda rəqəmsal transformasiya dövründə yaranan yeni kibertəhdidlər, süni intellekt texnologiyalarının kibertəhlükəsizliyə təsiri, kritik infrastrukturun qorunması, regional əməkdaşlıq imkanları və kibermüdafiə sahəsində müasir yanaşmalar müzakirə olunacaq.

Bununla yanaşı, forum çərçivəsində keçiriləcək panel sessiyalarda və təqdimatlarda kibertəhlükəsizlik sahəsində aktual risklər, innovativ həllər və qabaqcıl texnologiyalar, qlobal texnoloji trendlər, beynəlxalq təcrübələr və uğurlu praktiki nümunələr ətrafında fikir mübadiləsi aparılacaq.

“Milli Kibertəhlükəsizlik Ekosistemi” mövzusunda keçiriləcək sessiyada ölkənin əsas kibertəhlükəsizlik altqurumlarının rəhbər şəxsləri çıxış edəcək. Təqdimatlarda milli kibertəhlükəsizlik ekosistemi, dövlət qurumları arasında koordinasiya, kibercinayətkarlıqla mübarizə mexanizmləri və rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər müzakirə olunacaq. Sessiya çərçivəsində, həmçinin beynəlxalq vendorlar ilə əməkdaşlığın rəsmiləşdirilməsi istiqamətində atılacaq növbəti addımların təqdimatı keçiriləcək və “Huawei” şirkətinin nümayəndəsinə Məşvərət Şurasının sertifikatı təqdim olunacaq.

Forum iştirakçıları üçün xüsusi sərgi zonası da təşkil olunub. Sərgidə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlər öz məhsul və xidmətlərini, innovativ texnologiyalarını və startap həllərini nümayiş etdirir.

Qeyd edək ki, “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nun ölkədə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsinə, bilik və təcrübə mübadiləsinin güclənməsinə, eləcə də rəqəmsal təhlükəsizlik üzrə yeni təşəbbüslərin formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir.

Paylaş: