“Haber Global”ın Fransanın Korsikadakı zülmləri barədə süjeti – VİDEO

Korsikada müstəqillik tərəfdarı olan fəalları birləşdirən “Nazione” hərəkatının Makron hökuməti tərəfindən saxlanılan iki üzvü hələ də azadlığa buraxılmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının Korsika adasındakı son vəziyyətlə bağlı hazırladığı xüsusi süjetdə qeyd olunub.

Bildirilib ki, sırf inancları səbəbilə saxlanılan hər iki fəal dünən hakim qarşısına çıxarılıb və haqlarında “terror təşkilatı ilə əlaqədə olmaq” ittihamı ilə cinayət işi açılıb: “Korsikada ötən həftə yaradılan “Nazione” hərəkatının üzvlərinin əsas məqsədi müstəqil Korsika Respublikasının yaradılmasıdır. Ancaq onlar Makron hökumətinin təzyiqi ilə üzləşirlər. İki fəal çərşənbə axşamından Parisdə saxlanılır”.

Süjetdə o da diqqətə çatdırılır ki, Fransa məsələ başqa ölkələrlə olduqda insan haqlarını müdafiə edir, ancaq öz sərhədləri daxilində dəyərlərə əməl etmədən korsikalılara təzyiq göstərir.

Materialda bildirilir ki, mövcud vəziyyət fonunda “Nazione” hərəkatının üzvləri daha da fəallaşıblar.

“Korsika həmişə bu gərginliyin mərkəzində olub, çünki Korsikanın əksəriyyəti müstəqillik, bəziləri isə genişlənmiş muxtariyyət istəyir. “Nazione”də 600 fəal birləşib. Makron administrasiyası onları təqiblərə məruz qoyurlar. Evlərinə hücum edirlər, qapıları uçururlar, ataları uşaqların gözü qarşısında döyürlər, Parisə sürgün edirlər. Polis fəalların evinə qapıları sındıraraq daxil olur. “Nazione” isə bu mübarizədən əl çəkməyəcəyini bildirir. Onlar bir tərəfdən çağırışlarını davam etdirir, digər tərəfdən Fransa daxili işlər nazirinin Korsikaya gəlməsini gözləyirlər. Bu müddət ərzində etiraz aksiyaları təşkil edəcəklərini deyirlər”, – məlumatda vurğulanıb.